CƏMİYYƏT
Beş yüz səksən beş vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub
Bakı, 27 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmənin (11 000 manat) verilməsi prosesi davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlikdəki müvafiq Komissiya tərəfindən üçün artıq 447 şəhid hərbi qulluqçunun 585 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi üçün qərar qəbul olunub. Həmin qərarlar üzrə birdəfəlik ödəmələr həmin vərəsələrin bank hesablarına köçürülür. Onlardan bu günədək artıq 300-ə yaxın vərəsəyə ödəmə verilib. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə aktları əsasında 469 şəhid hərbi qulluqçunun 471 vərəsəsi də ödənişlə təmin olunub.
Ödənişi alan şəxslə ödənişi həyata keçirən qurum arasında heç bir təmas baş vermir. Birdəfəlik ödəmə vərəsələrin bank hesabına köçürülərkən onların məlumatlandırılması təmin edilir və onlara bu barədə bildiriş göndərilir.
Eyni zamanda, hazırda notariat kontorları tərəfindən vərəsələrdən qəbul olunmuş sənədlərin, o cümlədən onlarla bağlı vərəsəlik şəhadətnamələrinin nazirliyə elektron qaydada təqdim olunması və nazirlikdəki işçi qrupu tərəfindən bu sənədlərə baxılması işləri davam edir. Məlumatların daxilolma ardıcıllığına uyğun olaraq, onların daxilolma tarixini və reyestr nömrəsini əks etdirən bildiriş də vərəsələrə göndərilir. Sənədlərə baxılması zamanı hər hansı vərəsənin sənədlərində çatışmazlıq olduqda onların aradan qaldırılması üçün notariat kontorları ilə birgə işlər aparılmaqla belə sənədlər qaydaya salınır.
Xatırladaq ki, dövlət başçısının Fərmanına əsasən 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququnun olduğu müəyyən edilib.