REGİONLAR


“Beşinci beynəlxalq Asiya müasir elmlər konfransı”nda 500-dək tədqiqatçı iştirak edib

Naxçıvan, 5 iyun, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə NDU-da “Beşinci beynəlxalq Asiya müasir elmlər konfransı” keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə Azərbaycan və Türkiyə Respublikasının Dövlət himnləri səsləndirilib, sonra Naxçıvan Dövlət Universitetinin tanıtım videoçarxı nümayiş olunub.

Onlayn konfransda NDU-nun rektoru, dosent Elbrus İsayev çıxış edərək ali təhsil ocağının strukturu, fakültələri, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələrin genişləndirilməsi haqqında ətraflı söhbət açıb. Rektor müxtəlif ölkələrin ali təhsil ocaqları ilə tələbə və müəllim mübadiləsinin həyata keçirildiyini bildirib. Qeyd edib ki, ali təhsil ocağı əcnəbi tələbələrin sayına görə ölkə universitetləri arasında öncüllüyünü qoruyur. Belə ki, ali təhsil ocağında 10 ölkədən 1000-dən artıq əcnəbi tələbə təhsil alır. Türkiyə universitetləri ilə ikili diplom layihəsi mövcuddur.

Konfransda 33 ölkədən elm adamları tədqiqatlarla çıxış edib. İki gün davam edən konfrans 6 sessiya üzrə fəaliyyət göstərib. Konfransda 28 bölmə üzrə 272 məruzə dinlənilib. 500-ə yaxın tədqiqatçının iştirak etdiyi konfransda ali təhsil ocağının 26 əməkdaşı 22 mövzu ilə çıxış edib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin tərkibində olan İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun rəhbəri, dosent Mustafa Latif Emekin adından İKSAD-ın Azərbaycan təmsilçisi, Azərbaycan Pedaqoji Universitetinin müəllimi Əlvan Cəfərov çıxış edib.

Naxçıvan Dövlət Universitetinə plaket təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.