Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib

Naxçıvan, 14 iyul, AZƏRTAC

İyulun 14-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

1. 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları.

2. Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrasının təsdiq edilməsi.

3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi.

Gündəlikdə duran birinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov deyib ki, 2018-ci ilin birinci yarısında muxtar respublikada qızıl-gümüş zinət əşyaları, plastik boru, profil və aksesuarlar, istixana kompleksi, heyvandarlıq, arıçılıq, quşçuluq, balıqçılıq təsərrüfatlarını əhatə edən 5-i özəl investisiyalı olmaqla, 29 istehsal və xidmət sahəsi yaradılıb. Cari ilin ötən dövrü ərzində fəaliyyətə başlayan yeni sənaye müəssisələrində 10 növdə 163 çeşiddə məhsulun istehsal olunması daxili bazarda yerli istehsalın çəkisini xeyli artırıb və qiymətlərin tənzimlənməsinə şərait yaradıb. Sahibkarlığa Kömək Fondu tərəfindən 23 layihənin maliyyələşdirilməsinə 5 milyon 735 min 800 manat həcmində güzəştli kreditlər ayrılıb, 12 ailə təsərrüfatına 145 min manat dövlət maliyyə dəstəyi göstərilib. Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılıb, xüsusi fəaliyyət növləri üzrə 4 lisenziya verilib, “Qаynаr хətt” vаsitəsilə 2033 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə işi аpаrılıb, sаhibkаrlаrın prоblеmləri araşdırılıb. Aparılan iqtisadi islahatların ən mühüm istiqamətlərindən biri də investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlərdir. Bu məqsədlə cari ilin ötən dövrü ərzində dəyəri 3 milyon 699 min manat olan 2 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədi verilib, 12 ixrac əməliyyatı üzrə 39 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Vaqif Rəsulov çıxış edərək deyib ki, 2018-ci ilin ilk 6 ayında ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 246 milyon manatdan çox olub. Cari ilin ötən dövründə bir il öncəyə nisbətən sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 2,1 faiz, kənd təsərrüfatı məhsulu 3,6 faiz, informasiya və rabitə xidmətləri 2,6 faiz, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 1,6 faiz artıb. İstehsal olunan sənaye məhsulunun 96 faizə yaxını qeyri-dövlət sektorunun payına düşüb. Bu dövrdə muxtar respublikada infrastruktur quruculuğu tədbirləri davam etdirilib, bütün maliyyə mənbələri hesabına əsas kapitala 548 milyon manata yaxın vəsait yönəldilib, tikinti və ya yenidənqurmadan sonra 93 obyekt istifadəyə verilib. Hazırda iqtisadi və sosial sahələrdə 126 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. 2018-ci ilin məhsulu üçün 61 min 935 hektar sahədə əkin aparılıb, 194 kənd təsərrüfatı texnikası və avadanlıqları alınıb gətirilib, 14 yeni heyvandarlıq təsərrüfatı yaradılıb, 223 hektar sahədə meşəsalma və meşəbərpa işləri görülüb. Bu dövrdə muxtar respublikada 1364 yeni iş yeri açılıb ki, bunun da 98,3 faizi daimi iş yerləridir. Cari ilin ötən dövründə muxtar respublikada 212 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq dəyərdə xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın həcmi son bir il ərzində artaraq 191 milyon Amerika Birləşmiş Ştatları dolları təşkil edib, 169 milyon Amerika Birləşmiş Ştatları dollarından artıq müsbət saldo yaranıb. Ötən 6 ayda muxtar respublikaya 195 min 886 turist gəlib, iqtisadi və sosial sahələrdə qazanılmış uğurlar demoqrafik vəziyyətin daha da yaxşılaşmasına səbəb olub, əhalinin sayı 454 min nəfəri ötüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 

məruzəsi

Hörmətli deputatlar və sessiya iştirakçıları!

2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf qorunub saxlanmışdır. Bu inkişafın təməlində ümummilli lider Heydər Əliyevin 1969-cu ilin 14 iyulundan əsasını qoyduğu quruculuq xəttinin davam etdirilməsi dayanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin may ayında Naxçıvan Muxtar Respublikasına səfəri zamanı görülmüş işlər barədə demişdir: “Naxçıvan abadlaşır, gözəlləşir, çox böyük quruculuq, yaşıllaşdırma işləri aparılır. Binalar təmir olunur, yeni gözəl binalar tikilir. Naxçıvanın uğurlu inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”. Blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada daxili imkanlardan səmərəli istifadə olunmuş, mədəniyyətin və mənəvi dəyərlərin inkişafına diqqət artırılmış, ictimai-siyasi sabitlik qorunub saxlanmışdır. Bunun nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” seçilmiş, iyun ayının 20-də açılış tədbiri keçirilmişdir. Naxçıvan şəhəri həmçinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilmişdir.

Cari ilin ötən dövründə muxtar respublikada bütün sahələrdə əldə olunmuş nailiyyətlərdə əməyi olanlara, bütün muxtar respublika əhalisinə təşəkkürümü bildirirəm!

Hörmətli sessiya iştirakçıları!

Sosial-iqtisadi inkişaf bu günə qədər olduğu kimi bundan sonra da davam etdirilməlidir. Bu gün qarşıda mühüm vəzifələr dayanır. Bu vəzifələrin icrası ilk növbədə işə məsuliyyətlə yanaşmaqdan ibarətdir. Ona görə də idarəetmənin bütün mərhələlərində nizam-intizam gücləndirilməli, təşəbbüskarlıq və tələbkarlıq artırılmalı, qanunvericiliyin tələblərinə ciddi əməl edilməlidir.

Makroiqtisadi sabitlik qorunub saxlanılmalı, dövlət büdcəsinin proqnoz göstəricilərinin icrasına əməl olunmalıdır. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi vergilərin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına və toplanaraq büdcəyə köçürülməsinə nəzarəti artırmalıdır. Vergilər Nazirliyi Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi ilə birlikdə nağdsız ödəniş sisteminin genişləndirilməsi üzrə tədbirləri davam etdirməlidir.

Maliyyə Nazirliyi dövlət maliyyə nəzarətini gücləndirməlidir. Müəssisə və təşkilatlarda mühasibat uçotunun təşkili və aparılması, maliyyə hesabatlarının vaxtında təqdim edilməsi ilə bağlı tədbirlər görülməlidir.

Son illərdə istifadəyə verilən yeni istehsal müəssisələri iqtisadi və ərzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malikdir. Bu müəssisələr tələbatın daxili imkanlar hesabına ödənilməsini təmin etməklə yanaşı yeni iş yerlərinin açılmasına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına səbəb olur. İqtisadiyyat Nazirliyi belə müəssisələrin yaradılmasına bundan sonra da diqqəti artırmalıdır. Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün dövlət dəstəyi gücləndirilməli, yeni investisiyaların cəlbi və təşviqi istiqamətində tədbirlər görülməlidir. Daxili bazar qorunmalı, ixrac potensialı inkişaf etdirilməlidir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi standartlara və digər normativ tələblərə cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan qida məhsullarının istehsalı, idxalı və satışının qarşısını almalıdır.

İstehlak bazarının keyfiyyətli məhsullarla təchiz olunmasında, həmçinin əhali məşğulluğunun təmin edilməsində ailə təsərrüfatlarının rolu böyükdür. İqtisadiyyat, Kənd Təsərrüfatı, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ailə təsərrüfatlarına müvafiq köməklik göstərilməli, nümunəvi təsərrüfatların nailiyyətləri təbliğ olunmalıdır.

İstər ailə təsərrüfatlarının, istərsə də kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına Sahibkarlığa Kömək Fondu, həmçinin muxtar respublikada fəaliyyət göstərən bank və kredit təşkilatları tərəfindən dəstək göstərilməli, kreditlərin verilməsi davam etdirilməlidir. Ayrılmış vəsaitin təyinatı üzrə istifadəsinə və vaxtında geri qaytarılmasına da diqqət artırılmalıdır.

Kənd təsərrüfatı olmadan ərzaq təhlükəsizliyini təmin etmək, emal müəssisələrinin xammala olan tələbatını ödəmək mümkün deyil. Ona görə də aqrar sahəyə diqqət daha da artırılmalı, əkinəyararlı torpaq sahələrindən səmərəli istifadə olunmalıdır. Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi mülkiyyət növündən asılı olmayaraq torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəricilərini dəqiqləşdirməli, torpaq sahələrində baş verən dəyişiklikləri vaxtında aşkara çıxarmalı və qiymətləndirməli, torpaqların münbitliyinin artırılması məqsədilə tədqiqat və monitorinqlərini davam etdirməlidir.

Kənd Təsərrüfatı Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi, şəhər və rayon icra hakimiyyəti orqanları kənd təsərrüfatına yararlı torpaq sahələrindən kənar məqsədlər üçün istifadənin qarşısını almalı, onların əkinə cəlb olunması məqsədilə tədbirlər görməlidirlər. Aqrar sektorda məhsuldarlığın artırılması üçün intensiv metodlara üstünlük verilməli, əkin atlaslarından istifadə diqqət mərkəzində saxlanılmalıdır. Gübrə və pestisidlərin keyfiyyətinə nəzarət artırılmalı, norma və standartların tələblərinə ciddi riayət olunmalıdır. Yerli şəraitə uyğun, yüksək məhsuldar toxum sortlarından istifadə üçün torpaq mülkiyyətçilərinə müvafiq köməklik göstərilməlidir.

Hazırda kənd təsərrüfatı məhsullarının kütləvi yığım dövrüdür. Bir neçə ildir ki, mövsüm ərzində istehsal olunan məhsullar nəinki daxili tələbatı ödəyir, eyni zamanda, onların ixracı üçün də geniş imkanlar açılır. Məhsulların birbaşa satışına kömək məqsədilə şəhər və rayon mərkəzlərində yarmarkaların təşkili cari ildə də davam etdirilməlidir. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri istehsal olunan kənd təsərrüfatı məhsullarının emal müəssisələri, həmçinin soyuducu anbarlar tərəfindən qəbulunda istehsalçılara köməklik göstərməlidir. Kənd Təsərrüfatı Nazirliyi, şəhər və rayon icra hakimiyyətləri aidiyyəti orqanlarla birlikdə taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələri səfərbər etməlidirlər.

Dövlət Gömrük Komitəsi mövsüm ərzində daxili bazarın qorunması üçün tədbirlər görməli, tələbatdan artıq meyvə-tərəvəz məhsullarının ixracına əlverişli şərait yaratmalıdır.

Muxtar respublikanın mövcud relyef və iqlim şəraiti burada suvarma əkinçiliyinin geniş yayılmasına səbəb olub. Son illər həyata keçirilən meliorativ tədbirlər çərçivəsində müasir suvarma sistemlərinin istifadəyə verilməsi yeni torpaqların əkin dövriyyəsinə cəlb olunmasını təmin etməklə bərabər, su itkisinin və şoranlaşmanın qarşısının alınmasında da mühüm əhəmiyyətə malikdir. Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün su bölgüsünə və ondan səmərəli istifadəyə nəzarəti artırmalı, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi üçün meliorasiya tədbirlərini davam etdirməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ekoloji təhlükəsizliyin təmin edilməsinə nail olmalı, təbii sərvətlərdən səmərəli istifadəni və isti yay günlərində mövcud yaşıllıq zolaqlarının qorunmasını təmin etməlidir.

Dövlət Baytarlıq Xidməti heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılması məqsədilə süni mayalanma tədbirlərini və müxtəlif xəstəliklərə qarşı peyvəndlərin aparılmasını diqqətdə saxlamalı, tələb olunan dərman və ləvazimatları vaxtında alıb muxtar respublikaya gətirməlidir.

Kənd təsərrüfatında müasir texnikadan istifadə əl əməyinin yüngülləşdirilməsi və məhsuldarlığın artırılmasına müsbət təsir göstərir. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müxtəlif texnika və avadanlıqlara, gübrə və müasir suvarma sistemlərinə olan tələbat öyrənilərək onların muxtar respublikaya alınıb gətirilməsi və lizinq yolu ilə satışı davam etdirilməlidir.

Muxtar respublikada həyata keçirilən abadlıq-quruculuq tədbirləri rayon mərkəzləri ilə yanaşı dağ və sərhəd kəndlərində də müasir infrastrukturun yaradılmasına səbəb olub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ayrılmış vəsaitdən səmərəli istifadə etməli, tikinti işlərinin keyfiyyətlə aparılmasına nail olmalı, həyata keçirilən abadlıq tədbirlərində müasirliyin və milli memarlıq üslubunun gözlənilməsini təmin etməlidir.

Son illər muxtar respublikanın əsas magistral yolları ilə yanaşı əksər kənddaxili yolları da ən müasir tələblərə uyğun olaraq yenilənib. Avtomobil Yolları Dövlət Agentliyi yol və körpülərin tikintisi zamanı keyfiyyətli materiallardan istifadəyə üstünlük verməlidir.

Nəqliyyat Nazirliyi avtovağzallarda göstərilən xidmətin səviyyəsini daha da yaxşılaşdırmalı, xəttə buraxılan ictimai nəqliyyat vasitələrinin texniki sazlığına və hərəkət qrafikinə riayət olunmasına nəzarəti gücləndirməlidir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyi yüksəkixtisaslı kadrlara olan tələbatı ödəmək üçün mütəxəssislərin hazırlanması və əlavə təhsili ilə bağlı tədbirlər görməli, yerlərdə poçt rabitəsi və poçt-maliyyə xidmətlərinin inkişafını diqqətdə saxlamalıdır.

Muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılmış, alternativ və bərpa olunan enerji vasitələrindən istifadəyə əsaslanan yeni elektrik stansiyaları istismara verilmişdir. Dövlət Energetika Xidməti və “Naxçıvanqaz” İstehsalat Birliyi mövcud infrastrukturun yenilənməsi və təkmilləşdirilməsinə diqqəti artırmalı, nöqsanların aradan qaldırılması üçün çeviklik göstərməlidirlər.

Dövlət Statistika Komitəsi muxtar respublikada statistika işinin təkmilləşdirilməsi sahəsində tədbirləri davam etdirməli, təhlili materialların hazırlanaraq kütləvi informasiya vasitələrində verilməsinə diqqəti artırmalıdır.

İstənilən sahənin dinamik inkişafı həmin sahədə fəaliyyət göstərən kadrların peşəkarlıq səviyyəsindən asılıdır. Savadlı və ixtisaslı kadr hazırlığının təməli isə təhsil müəssisələrində qoyulur. Odur ki, muxtar respublikada təhsilin bütün pillələrinin inkişafı diqqət mərkəzində saxlanılır, maddi-texniki bazası möhkəmləndirilir. Təhsil Nazirliyi təhsil müəssisələrində tədrisin keyfiyyətinə nəzarəti gücləndirməli, fənn laboratoriyalarının imkanlarından düzgün istifadə edilməli, tədrisdə informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə olunmalıdır. Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı dərslərin təşkilində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqə davam etdirilməli, nümunəvi dərslərin təşkili diqqətdə saxlanmalıdır.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi elmi tədqiqatların səmərəliliyini artırmalı, təbii sərvətlərdən faydalı istifadə imkanlarını diqqətdə saxlamalı, muxtar respublikanın sosial-iqtisadi inkişafına öz töhfəsini verməlidir.

Muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri ixtisaslı kadrların hazırlanmasına, gənclərin elmi-tədqiqat işlərinə cəlbinə diqqəti artırmalıdır. Müvafiq ixtisaslar üzrə tədris və elmi-metodik vəsaitlər müasir dövrün tələblərinə uyğun hazırlanmalı, bir qayda olaraq ixtisaslar üzrə təcrübi dərslər hami təşkilatlarda keçirilməlidir.

Səhiyyə Nazirliyi tibb müəssisələrinin kadr təminatının yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görməli, tibbi avadanlıqlardan səmərəli istifadəni təmin etməli, səhiyyə xidmətinin səviyyəsini yüksəltməlidir.

Milli-mədəni irsimizin daşıyıcıları olan tarixi abidələrin qorunması hər zaman diqqət mərkəzində saxlanılır. Tarixi abidələrin bərpası kimi qorunmasına da diqqət artırılmalıdır. Mədəniyyət Nazirliyi tabeliyində olan müəssisə və təşkilatlarda kadrların düzgün yerləşdirilməsinə, fəaliyyətin səmərəli təşkilinə nail olmalıdır.

Muxtar respublikanın malik olduğu ekoloji mühit, zəngin mədəni irs, təbii müalicə mərkəzləri burada turizmin müxtəlif sahələrinin inkişafına əlverişli şərait yaradır. Turizm Departamenti mövcud imkanlardan səmərəli istifadə etməli, muxtar respublikanın turizm potensialının təbliği ilə bağlı görülən işlərin əhatə dairəsini genişləndirməlidir.

Gənclər və İdman Nazirliyi muxtar respublikada olan idman qurğu və obyektlərindən, eyni zamanda olimpiya idman komplekslərindən istifadəyə və onların qorunub saxlanılmasına, gənclərlə iş sahəsində fəaliyyətə, “Naxçıvan-Gənclər Paytaxtı” tədbirlərinin hazırlıq işlərinə diqqəti artırmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası sahəsində tədbirləri davam etdirməli, peşə hazırlığını əmək bazarının dəyişən tələblərinə uyğunlaşdırmalıdır.

Dövlət Sosial Müdafiə Fondu elektron xidmətlərin tətbiqi işlərini, məcburi dövlət sosial sığorta haqlarının yığılmasını təmin etməlidir.

Şəhər və rayon icra hakimiyyəti orqanları yeni tikililərin qorunmasına, abadlıq-təmizlik işlərinə nəzarəti gücləndirməli, vətəndaşların əsaslı müraciətlərinin həllinə nail olmalıdırlar. İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər də ərazilərin təmizliyinə və qeydə alınan nöqsanların aradan qaldırılmasına diqqəti artırmalıdırlar.

Hüquq mühafizə orqanları nizam-intizamı daha da möhkəmləndirməli, maarifləndirmə-profilaktika, ictimai asayişin və sabitliyin qorunması sahəsində tədbirləri davam etdirməlidirlər.

Ordu, birləşmə və hərbi hissə komandirləri döyüş hazırlığını daim artırmalı, ehtiyatların məqsədəuyğun istifadəsini, əsgərlərin mövsümə görə geyim və yeməklərlə təmin olunmasını diqqətdə saxlamalıdırlar.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna qəbul imtahanlarının dövriliyini təmin etməli, kadr hazırlığı üzrə kursların təşkilini və test bankının yenilənməsini təmin etməlidir.

Kütləvi informasiya vasitələri ictimai nəzarət orqanı kimi fəaliyyətlərini gücləndirməli, milli dəyərlərimiz təbliğ edilməli, qəbul olunmuş dövlət proqramlarının icrası diqqətdə saxlanılmalıdır. Teleradio və qəzetlərdə informasiya-məlumatlandırma işi düzgün qurulmalı, sosial şəbəkələrdə ictimaiyyətin düzgün istiqamətləndirilməsi üçün sistemli iş təşkil olunmalıdır.

Hörmətli sessiya iştirakçıları!

2018-ci ilin birinci yarısının sosial-iqtisadi nəticələri bir daha göstərir ki, muxtar respublikada inkişaf ildən-ilə yüksələn xətlə davam edir. Bu xəttin davam etdirilməsi, qarşıya qoyulan vəzifələrin icrası üçün Sizə və muxtar respublika əhalisinə uğurlar arzulayıram.

Sağ olun!

x x x

Sessiyanın gündəliyində duran ikinci məsələ ilə bağlı çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Səbuhi Məmmədov deyib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2017-ci ildə gəlirləri 71 milyon 650 min manat təyinata qarşı 79 milyon 856 min 165 manat və ya 111,5 faiz icra olunmaqla büdcəyə 8 milyon 206 min 165 manat artıq vəsait daxil olub. Ötən ilin büdcə gəlirlərinin 82,6 faizi və ya 65 milyon 985 min manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 9,5 faizi və ya 7 milyon 580 min 514 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 7,3 faizi və ya 5 milyon 803 min 298 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 0,6 faizi və ya 486 min manatı isə digər mənbələr hesabına daxil olub. 2017-ci ildə Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 350 milyon 550 min manat təyinata qarşı 348 milyon 868 min 237 manat və ya 99,5 faiz icra olunub. Bu dövrdə büdcə xərclərinin 68 faizi və ya 237 milyon 240 min manatı cari xərclərə, 32 faizi və ya 111 milyon 627 min manatı isə əsaslı xərclərə yönəldilib. 2017-ci il dövlət büdcəsinin icrası zamanı dövlət büdcəsindən maliyyələşən və ya maliyyə yardımı alan təşkilatlar tərəfindən satın alınan bütün mal-material və avadanlıqların real dəyəri ilə satın alınmasına ciddi nəzarət edilib, 1,2 milyon manatdan çox büdcə vəsaitinə qənaət olunub.

Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun qəbul edilib.

Gündəlikdə duran üçüncü məsələ ilə bağlı qeyd olunub ki, Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli və 2018-ci il 6 mart tarixli qanunları ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Qanunda dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.

Ali Məclisin Sədri 2018-ci ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış səkkizinci sessiyası öz işini başa çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ

“Le Monde” qəzeti Azərbaycanın regionda yaratdığı yeni reallıqdan bəhs edən məqalə yayıb

Azərbaycan ərazisində aparılan paleoseysmoloji tədqiqatların nəticələri müzakirə olunub

Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir

Xüsusi nümayəndə: 2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək VİDEO

Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb

BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı

Azərbaycanın Özbəkistanla müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün yaxşı perspektivlər mövcuddur

Azərbaycan-Ermənistan sülh prosesi barədə ABŞ Konqresinin üzvlərinə məlumat verilib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə AzTU-da yeni laboratoriya açılıb

Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb

® “Birbank Biznes”dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası

Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub

Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib

“Qarabağ” Abdullah Zubirin Fransa klubuna keçəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Mütəxəssis: Bəzi peyvəndlər ömürlük immunitet yaradır

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AZƏRTAC-da özbəkistanlı jurnalistlərlə görüş olub VİDEO

İşğaldan azad edilmiş ərazilərdə tələ tipli partlayıcı qurğularla bağlı yeni görüntülər VİDEO

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxanada 250-dən çox vətəndaşa xidmət göstərilib

Azərbaycanda rəqəmsallaşma və nəqliyyat sahəsində aktual məsələlər AYİB-lə müzakirə edilib

İordaniyanın Baş Prokurorluğu Azərbaycan Baş Prokurorluğunun müsbət təcrübəsinin öyrənilməsində maraqlıdır

Milli Aviasiya Akademiyasında Beynəlxalq Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb

Azərbaycan-Macarıstan enerji İşçi qrupunun iclası keçirilib

DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb

Vəkillər Kollegiyası ilə “Femida Könüllüləri” Təşkilatı arasında Memorandum imzalanıb və “Legal Meetup” keçirilib

MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir

Qırğızıstan Prezidenti Ağdam rayonunda məktəbin tikintisi barədə danışıb

Bakı ötən il ən çox birbaşa xarici investisiya cəlb edən şəhərlərin siyahısında 3-cüdür

Milli Məclisin Elm və təhsil komitəsi iki qanun layihəsini plenar iclasa tövsiyə edib

Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək

AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb

Zəngilanın Ağalı kəndində uşağa qayğı ilə bağlı valideynlər üçün tədbir təşkil olunub

Prezident Sadır Japarov: Birgə Bəyannamə Azərbaycan ilə Qırğızıstan arasında strateji münasibətlərin daha dərin xarakterini təsbit edir

ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib