SİYASƏT
Bəsrədə İraq-Azərbaycan əlaqələrinin perspektivləri müzakirə edilib
Bəsrə, 18 yanvar, AZƏRTAC
Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili Nəsir Məmmədov Bəsrə şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində şəhərin valisi Asaad Al-Eidani ilə keçirilən görüşdə N.Məmmədov qəbula görə qarşı tərəfə təşəkkürünü ifadə edib, Azərbaycanın tarixən dini və mədəni köklərlə bağlı olduğu İraqla əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.
N.Məmmədov ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlardan, qeyri-neft sektorunun inkişafından danışıb. Qeyd olunub ki, turizm, tikinti, qarşılıqlı investisiyaların cəlb edilməsi və digər sahələrdə qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycanın Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi olduğunu və iqtisadi islahatlar çərçivəsində yaradılan müasir infrastrukturun iqtisadi fəallığın artmasına xidmət etdiyi diqqətə çatdırıb. Bakı şəhərinin Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası barədə söz açan N.Məmmədov bu ərazinin gələcəkdə beynəlxalq nəqliyyat qovşağına çevriləcəyini və burada yüksək səviyyədə infrastrukturun qurulacağını bildirib.
Asaad Al-Eidani, ilk növbədə, 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə münasibətilə təbriklərinin Azərbaycan xalqına çatdırılmasını xahiş edib. İraq Respublikasının Azərbaycanın haqlı mövqeyini daim dəstəklədiyini vurğulayaraq, qardaş xalqın gələcəkdə bu bölgədə sülh içində yaşamağını arzulayıb.
Vali Bəsrənin liman şəhəri olduğunu, ölkənin neft və təbii qaz yataqlarının əsas hissəsinin bu şəhərin ərazisində yerləşdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanın enerji sahəsində təcrübəsini öyrənmək, eləcə də Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası ilə əməkdaşlıq əlaqələrinin yaradılması məqsədilə yaxın zamanda Azərbaycana səfər etmək niyyətindədir.
A.Al-Eidani bir neçə il əvvəl Bəsrə-Bakı-Bəsrə istiqamətində birbaşa uçuşların olduğunu və bu reyslərin bərpa edilməsinin vacibliyini, bunun Bəsrə ilə ölkəmiz arasında bir çox sahələrdə əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Səfər çərçivəsində N.Məmmədov, həmçinin Bəsrə Dövlət Universitetinin rektoru, professor Saad Şahin Hammadi ilə də görüşüb.
Görüş zamanı iki ölkə arasında ali təhsil sahəsində əməkdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində qarşılıqlı səfərlərin təşkili, eləcə də gələcəkdə bu sahədə əlaqələrin daha sürətlə inkişaf etdirilməsi üçün iki ölkənin ali təhsil müəssisələri arasında qarşılıqlı tələbə və müəllim mübadiləsinin aparılması məsələləri müzakirə olunub.
Səfər çərçivəsində N.Məmmədov bu şəhərin Ticarət Palatasının nümayəndələri ilə görüşərək, iki ölkə arasında iqtisadi və ticari əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin təşkilinin vacibliyini qeyd edib, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar barədə ətraflı məlumat verib.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bəsrə