ELM VƏ TƏHSİL
Bəstəkar Ərtoğrol Cavidin anadan olmasından 98 il ötür
Bakı, 21 oktyabr, AZƏRTAC
Böyük şair və dramaturq Hüseyn Cavidin oğlu, bəstəkar Ərtoğrol Cavidin anadan olmasından 98 il ötür.
Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyində “Gənc musiqişünas və folklorşünas Ərtoğrol Cavid” mövzusunda tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu elm müəssisəsinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı bəstəkar Ə.Cavidin çoxşaxəli yaradıcılığından danışıb. Muzeyin direktoru bildirib ki, Ə.Cavid peşəkar musiqiçi olub, onun əsərləri aktuallığı və əhəmiyyəti ilə bu gün də diqqəti cəlb edir.
Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva bəstəkar Ə.Cavidin musiqi əsərlərinin nəşr edildiyini və kompakt disklərdə cavidsevərlərə çatdırıldığını söyləyib.
Sonra tədbir iştirakçıları Ə.Cavidin zəngin irsindən bəhs edən kitablardan, həmçinin müxtəlif sənədlərdən, CD-DVD disklərdən və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.