MƏDƏNİYYƏT


Bəstəkar İttifaqında Cahangir Cahangirovun 100 illiyi münasibətilə elmi məruzələr dinlənilib

Bakı, 18 iyun, AZƏRTAC

İyunun 18-də Azərbaycan Bəstəkarlar İttifaqında Xalq artisti, bəstəkar Cahangir Cahangirovun anadan olmasının 100 illiyi münasibətilə elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ittifaqın sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək tədbir haqqında məlumat verib. Tədbirin iki mühüm hadisəyə həsr olunduğunu söyləyən F.Əlizadə deyib: "Bu günlərdə xalqımız özünün ən gözəl bayramlarından birini - Milli Qurtuluş Gününü qeyd edib. Bu bayramın bu il qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qədim şəhərimiz, Qarabağın ürəyi sayılan Şuşa şəhərində qeyd olunması xüsusi əhəmiyyət daşıyır. İyunun 20-də görkəmli bəstəkar Cahangir Cahangirovun anadan olmasından 100 il ötür. Bəstəkarın yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Onun xor və instrumental musiqiləri, operaları, bir-birindən gözəl mahnıları var. Xor musiqisi sahəsində maraqlı əsərlərindən "Arazın o tayında" poemasını, 12 hissədən ibarət "Dostluq mahnısı" kompozisiyasını, "Azad" və "Xanəndənin taleyi" operalarının xor nömrələrini, "Füzuli", "Nəsimi", "Aşıq Alı" kantatalarını, "Sabir" oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə "Füzuli" kantatası Cahangir Cahangirova böyük şöhrət gətirmişdir. O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləmini özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilmişdir. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir".

F.Əlizadə qeyd edib ki, Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir Hacıbəyli tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır: "1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib. Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Bununla yanaşı, o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.

C.Cahangirov yaradıcılığının əsas hissəsini təşkil edən xor əsərləri Azərbaycan xor musiqisinin inkişafında əhəmiyyətli rol oynayıb. Onun musiqisi üçün nikbinlik, axıcı melodiya səciyyəvidir. Lirik mahnı janrının, eləcə də opera və instrumental musiqinin inkişafında da Cahangirovun xidməti əvəzsizdir".

Tədbir bəstəkarın yaradıcılığına həsr olunan məruzələrin dinlənilməsi ilə davam edib. Konfransda Əməkdar mədəniyyət işçisi, dosent Səadət Təhmirazqızı “Azərbaycan xor kollektivlərinin fəaliyyətində Cahangir Cahangirovun rolu”, Əməkdar mədəniyyət işçisi, dosent “Cahangir Cahangirovun kamera-vokal əsərlərində musiqi ilə poeziyanın qarşılıqlı əlaqəsi”, dosent Leyla Quliyevanın “Cahangir Cahangirovun yaradıcılığında opera janrı”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova “Cahangir Cahangirovun opera yaradıcılığında inqilabi mövzu”, gənc musiqişünas Aysel Kərim “Cahangir Cahangirovun xor yaradıcılığı – “Füzuli” kantatası” mövzusunda məruzələrlə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.