MƏDƏNİYYƏT
Bəstəkar Nazim Əliverdibəyovun 90 illik yubileyi münasibətilə tədbir keçirilib
Bakı, 18 noyabr, AZƏRTAC
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış bəstəkar və pedaqoq Nazim Əliverdibəyovun anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Ü.Hacıbəylinin ev-muzeyinin direktoru, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov və Xalq Artisti, professor Ramiz Quliyev N.Əliverdibəyovun həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə 30 nömrəli uşaq musiqi məktəbinin şagirdləri bəstəkarın “Bayatı-Şiraz”, “Fırça”, “Yollar”, “Hanı o günlər”, “Qaytağı”, “Vals-skerso”, “Elegiya”, “Ay Xəzər”, “Qarabağ” əsərlərini, habelə “Laçın”, “Süsən-sünbül”, “Səndən mənə yar olmaz” və digər xalq mahnılarını səsləndiriblər.