MƏDƏNİYYƏT
Bəstəkar Nazim Əliverdibəyovun yaradıcılığına həsr olunmuş bədii gecə təşkil olunub
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Nazim Əliverdibəyovun yaradıcılığına həsr olunmuş bədii gecə keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən nəzəriyyə şöbəsinin müəllimi Məhəbbət Ələsgərova bəstəkarın yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, görkəmli Azərbaycan bəstəkarı, folklorşünas, ictimai xadim Nazim Əliverdibəyov dahi Üzeyir Hacıbəyovun şagirdi olub. N.Əliverdibəyov Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində görkəmli bəstəkar, professor Cövdət Hacıyevin sinfini bitirib. “Cırtdan” uşaq operasının, “Nazxanım naz eləyir” operettasının, “Mingəçevir” simfonik poemasının, “Məktəblilər” kantatası və “Muğan” musiqi-xoreoqrafik lövhəsinin müəllifidir.
Sonra bəstəkar haqqında videoçarx nümayiş olunub, məktəbin şagird və müəllimləri bəstəkarın musiqilərini ifa ediblər.
Sonda məktəbin nəzəriyyə şöbəsinin müdiri Zənfirə Bağırzadə bəstəkar haqqında öz xatirələrini bölüşüb.