Bəstəkarlar 31 Mart soyqırımı qurbanlarını yad ediblər
AzerTAg.az

Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) idarə heyətinin növbəti geniş iclası azərbaycanlılara qarşı soyqırımın 105-ci ildönümünə həsr olunub.
AZƏRTAC xəbər verir ki, anım tədbirində ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 1918-ci ildə erməni daşnaklarının bolşeviklərlə birgə xalqımızın başına gətirdikləri müsibətlərdən, Bakı, Quba, Gəncə, Şuşa, Şamaxı, Naxçıvan, Lənkəran və digər qədim yurd yerlərimizdə törətdikləri vəhşiliklərdən, kütləvi qırğınlardan danışıb. Tariximizin qanlı səhifəsini zaman-zaman araşdıran alimlərin, incəsənət xadimlərinin əməyindən və bu istiqamətdə yaddaqalan xüsusi addım atan, bəlli hadisəyə hüquqi qiymət verib 105 il əvvəl 30 mart-3 aprel aralığında minlərlə adamın məhvi ilə nəticələnən faciənin qurbanlarının xatirəsini uca tutaraq, 26 mart 1998-ci ildə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilməsi ilə bağlı Sərəncam imzalayan Ümummilli Lider Heydər Əliyevin rolundan ayrıca söhbət açıb. Bu qanlı tarixi unutmamağımız üçün hamımızın bacardığımız işi görməyimizin və təbliğat məsələlərinin vacibliyinə, bəstəkarlarımızın da vətəndaş yanğısı, eləcə də yaradıcı münasibətinin bəhrəsi olan neçə-neçə əsərlərin ərsəyə gəldiyinə toxunan natiq radio-televiziyada, sosial mediada belə yaradıcı nümunələrin nümayişinə az yer ayrılmasından, dünyaya həqiqətləri tam dolğunluğu ilə çatdıra bilməməyimizdən təəssüfləndiyini deyib.
Azərbaycan Bəstəkarlar İttifaqının katibləri, Əməkdar incəsənət xadimləri Zemfira Qafarova və Cəlal Abbasov da çıxış edərək soyqırımına ölkə başçısının diqqətindən və hadisənin 100 illiyi tamam olarkən imzaladığı Sərəncamın əhəmiyyətini, bunun yeni elmi araşdırmalara, fakt və sənədlərin aşkara çıxarılmasına təkan verdiyi kimi, sənət adamlarını irihəcmli musiqili səhnə əsərləri yaratmağa ruhlandıracağına da inandıqlarını dilə gətiriblər.
Bədii hissədə Firəngiz Əlizadənin şair Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi, fleyta və royalda soprano üçün “Üç akvarel” vokal silsiləsi və bəstəkar Rüfət Ramazanovun simli orkestr üçün yazdığı “Təəssürat” kompozisiyası səsləndirilib.
Xəbərin mətnində orfoqrafik səhv var