MƏDƏNİYYƏT
Bəstəkarlar İttifaqı Gəncədə plenum keçirəcək
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycan Bəstəkarlar İttifaqı (ABİ) bu yaradıcı təşkilatın 85 illik yubileyi münasibətilə iyunun 19-20-də Gəncədə səyyar plenum keçirəcək. Bu plenum Azərbaycan Bəstəkarlar İttifaqının yubileyi ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərdən biridir. ABİ-dən AZƏRTAC-a verilən məlumata görə, yubiley tədbirlərinin son akkordu bu il oktyabr ayında nəzərdə tutulan böyük müasir Azərbaycan musiqisi festivalı olacaq.
Gəncə Filarmoniyasının yeni binasının səhnəsində keçiriləcək plenum iyunun 19-da başlanacaq. Burada Azərbaycan bəstəkarlarının korifeylərindən başlamış gənc müəlliflərə qədər müxtəlif nəsillərinin – Ü. Hacıbəyli, F. Əmirov, Q. Hüseynli, F. Əlizadə, S. Fərəcov, C. Allahverdiyev və başqalarının əsərləri səslənəcək. Festivalın açılışında Gəncə şəhərinin bütün əsas filarmonik kollektivləri – kamera orkestri, xalq çalğı alətləri orkestri və xor iştirak edəcək.
Festivalın ikinci günü, iyunun 20-si Məhsəti Gəncəvi adına Mədəniyyət Mərkəzində Niyazi, F.Əmirov, C.Abbasov, A.Məmmədova və başqalarının kamera-instrumental və vokal əsərləri ifa ediləcək.
Bəstəkarlar İttifaqının nümayəndə heyətinə İttifaqın katibi, Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru Sərdar Fərəcov və İttifaqın katibi, bəstəkar Aliyə Məmmədova rəhbərlik edəcəklər.
Plenum dəyirmi masa ilə başa çatacaq. Burada respublikanın musiqi həyatının aktual məsələləri, dahi şair Nəsiminin yubileyi ilə bağlı tədbirlər, hazırda Azərbaycan Bəstəkarlar İttifaqının Gəncə şöbəsinin rəhbəri, bəstəkar Məmməd Cəfərovun başçılığı ilə aparılan birgə işin perspektivləri müzakirə ediləcək.