MƏDƏNİYYƏT


Bəstəkarlar İttifaqında Soltan və İsmayıl Hacıbəyovlara həsr olunmuş elmi konfrans təşkil edilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli Azərbaycan bəstəkarları Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinə və İsmayıl Hacıbəyovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan tədbiri açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında mühüm xidmətləri olan Soltan Hacıbəyovun yaradıcılığından bəhs edərək, onun geniş diapazonlu yaradıcılığa malik bəstəkar olduğunu qeyd edib, simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirdiyini bildirib.

Soltan Hacıbəyov iki simfoniyanın, “Gülşən” baletinin, “İsgəndər və çoban” uşaq operasının, “Qızılgül” musiqili komediyasının, “Karvan” simfonik lövhəsinin, simfonik, kamera və xalq çalğı alətləri orkestrləri üçün müxtəlif həcmli əsərlərin müəllifidir. Soltan Hacıbəyov 1969-1974-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olub.

Bəstəkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq sənətkarın yubileyi ilə bağlı bu il ölkəmizdə silsilə tədbirlər keçirildiyini bildirən F.Əlizadə, onun oğlu tanınmış bəstəkar İsmayıl Hacıbəyovun da 70 illiyinin dövlət səviyyəsində qeyd olunduğunu əlavə edib.

F.Əlizadə İsmayıl Hacıbəyovun yaradıcılığından da danışıb və qeyd edib ki, Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq üzrə Qara Qarayevin sinfində təhsil alan İ.Hacıbəyov 1972-ci ildən ömrünün sonuna kimi bu təhsil ocağında bəstəkarlıq kafedrasında dərs deyib.

Daha sonra sənətşünaslıq üzrə fəlsəfə doktoru Natella İsgəndərova “Müasir Azərbaycan musiqisində İsmayıl Hacıbəyovun tarixi əhəmiyyəti”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Ülviyyə İmanova “İsmayıl Hacıbəyov Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi kimi” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim Adilə Yusifova “Soltan Hacıbəyovun yaradıcılığının naməlum səhifələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Tədbir iştirakçıları, həmçinin beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova (I violin), Soltan Məmmədova (II violin), Əməkdar artistlər Vaxtanq İmanov (viola) və Aleksey Miltıxdan ibarət (violonçel) Azərbaycan Dövlət Simli Kvartetinin ifasında Soltan Hacibəyovun “Skertso”, istedadlı gənc pianoçu Nəriman Məsimovun ifasında İsmayıl Hacıbəyovun “Piano üçün Paqanini mövzusuna Variasiyalar”ı dinləyiblər.

Həmçinin Xalq artisti Yeganə Axundova və beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə royalda Soltan Hacıbəyovun “İki piano üçün “Uvertüra” əsərini ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.