QAN YADDAŞI
Bəstəkarlar İttifaqında Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) iclas salonunda Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri ABİ-nin sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açıb. O, Xocalı faciəsi qurbanlarına həm Azərbaycan, həm də Qərb bəstəkarlarının bir sıra əsərlərinin həsr olunduğunu qeyd edərək deyib: “Təəssüf ki, həyat təkcə bayramlardan ibarət deyildir. Bu gün biz bura toplaşmışıq ki, Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini yad edək”.
Sonra Cavid Hüseynov və Jalə Kərimovanın ifasında Əməkdar İncəsənət Xadimi, bəstəkar Nazim Quliyevin “Xocalı“ adlı yeni operasından parçalar səslənib. Müğənniləri pianoda beynəlxalq müsabiqələr laureatı Firuzə Nəcəfli müşayiət edib.
Artistlərin çıxışları qonaqlarda güclü təəssürat oyadıb.
Görüş müzakirələrlə davam edib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, alimlər və KİV nümayəndələri iştirak ediblər.