MƏDƏNİYYƏT


Bəstəkarlar İttifaqında dahi şair və mütəfəkkir Nəsiminin yaradıcılığına həsr olunan məruzələr dinlənilib VİDEO

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Azərbaycan Bəstəkarlar İttifaqında dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi obrazı və poeziyası” mövzusunda elmi-praktik musiqişünaslıq konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans işinə tanınmış müğənni, Əməkdar artist Gülüstan Əliyevanın Naibə Şahməmmədovanın royalda müşayiəti ilə “Nəsimi” filmindən elə şairin sözlərinə dahi bəstəkarımız Tofiq Quliyevin bəstələdiyi mahnı və həmçinin görkəmli bəstəkar Emin Sabitoğlunun Nəsiminin “Eylədi” rədifli qəzəlinə bəstələdiyi romansın ifası ilə başlayıb.

Sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə iki gün davam edəcək konfransın əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, Prezidentin 2019-cu ili "Nəsimi ili" elan etməsi çox böyük mədəniyyət hadisəsidir. “Bu, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar üçün böyük töhfədir. Bir daha aydın olur ki, ölkə başçısının şairlərimizə, bəstəkarlarımıza, musiqimizə və şeiriyyatımıza çox gözəl münasibəti var. O da məlumdur ki, biz Nəsiminin zəngin yaradıcılıq irsini yeni kəşf etmirik. Böyük şəxsiyyət, şair, mütəfəkkir, filosof, hürufizm və sufizm təriqətinin ən görkəmli siması olan Nəsiminin şeirləri və onun ideyaları məni və Azərbaycan bəstəkarlarını həmişə özünə cəlb edib. Bu gün Nəsiminin məzarının olduğu Suriyanın Hələb şəhəri qarşıdurma meydanıdır. Bu, bizi çox kədərləndirir. Nəsiminin iztirabları bu gün də davam edir. Bu yaxınlarda Paris Notr-Dam kiləsində yanğın baş verdi. Biz buna görə də çox kədərləndik. İstərdim ki, bizim də faciələrimiz, memarlıq abidələrimiz təbliğ olunsun. Çünki başımıza faciəvi hadisələr çox gəlib. Qarabağdakı memarlıq abidələrimiz buna nümunədir, onların böyük əksəriyyəti erməni vandalları tərəfindən dağıdılıb”, - deyə F.Əlizadə qeyd edib.

Sonra respublikanın tanınmış musiqişünaslarının Nəsiminin irsi və obrazının Azərbaycan musiqisində çoxşaxəli təcəssümü ilə bağlı tədqiqatlarının yer aldığı məruzələri dinlənilib. Belə ki, sənətşünaslıq doktoru Cəmilə Həsənova “Azərbaycan musiqisində Nəsimi mövzusu”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zemfira Abdullayeva “Tofiq Quliyevin “Nəsimi” kinofilminə musiqisi haqqında”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva isə “Nəsimi və musiqi (Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri)” mövzusunda məruzələrlə çıxış ediblər.

Bəstəkarlar İttifaqının katibi Aliyə Məmmədova isə məruzəsində təmsil etdiyi qurumun Nəsimiyə həsr olunmuş layihəsi barədə danışıb. Bildirib ki, Şərqin böyük mütəfəkkiri olan Nəsimi yaradıcılığına maraq yaratmaq üçün gənc bəstəkarların toplantısı keçirilib. Məqsəd yeni nəslin Nəsimi yaradıcılığına, onun irsinə maraq oyatmaqdır. A.Məmmədova bu il Nəsimiyə həsr olunmuş konsertlərin keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.

Tədbirdə həmçinin Nəsiminin məzarının olduğu Hələb şəhəri ilə bağlı videoçarx nümayiş olunub. Şairin məzarının necə dağıdıldığı fotoslaydda göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.