MƏDƏNİYYƏT


Bəstəkarlar İttifaqında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Bəstəkarlar İttifaqında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Bəstəkarlar İttifaqından AZƏRTAC-a bildirilib ki, tədbirdə dahi şəxsiyyətin musiqi sənətinə olan qayğı və diqqətindən danışılıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə ümummilli lider Heydər Əliyevin mədəniyyətin bütün sahələrində olduğu kimi musiqi sənətinə də göstərdiyi yüksək qayğıdan söhbət açıb. O, xüsusən 1979-cu ildə Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında Heydər Əliyevin çıxışını xatırlayaraq onun bəstəkarlara tövsiyələrini diqqətə çatdırıb. Firəngiz xanım onu da qeyd edib ki, Heydər Əliyevin həmin çıxışı nəşr olunaraq bəstəkar və musiqişünasların masaüstü kitabı olub. Ulu Öndərin tövsiyələrində əsasən ciddi musiqi janrlarına geniş yer verilib. Bu da dahi şəxsiyyətin musiqi sənətinin dərinliklərinə yaxşı bələd olmasının əyani göstəricisidir.

Xalq artisti Heydər Əliyev dühasının musiqidə tərənnümündən də söhbət açıb. O qeyd edib ki, bir neçə görkəmli bəstəkarlarımız dahi şəxsiyyətə əsərlər həsr ediblər və hələ neçə-neçə əsərlər də yazılacaq.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova Heydər Əliyevə həsr olunan əsərlərdən danışaraq bir neçəsinin adını qeyd edib. Natiq onlardan Arif Məlikovun “8 saylı “Əbədiyyət” simfoniyası”, Cövdət Hacıyevin “Onu zaman seçib” simfoniyası, Ramiz Mustafayevin “Atamız Heydər” odası, Vasif Adıgözəlovun “Azərbaycan” kantatası, Tofiq Bakıxanovun “Xatirə” poeması, Firəngiz Əlizadənin “İthaf” əsəri, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında” odası, Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması və digər əsərlərin adlarını çəkib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Musiqidə əbədiləşən ömür” mövzusunda çıxış edərək Heydər Əliyevə həsr olunan əsərlərin musiqişünaslar tərəfindən də tədqiq olunmasından bəhs edib.

Tədbirdə iştirak edən bəstəkarlardan Əməkdar artistlər Arif Mirzəyevin “Xatirə”, Elza Seyidcahanın “Elegiya” və Əməkdar müəllim Lalə Cəfərovanın “Əbədi yaşar Heydər” əsərləri səslənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.