REGİONLAR
Beşyaşlı uşaqların təhsilə hazırlanması məsələləri haqqında elmi-praktik konfrans olub
Naxçıvan, 24 iyun, AZƏRTAC
Beşyaşlıların təlimi təhsilin ilk pilləsi olmaqla uşaqların erkən yaş dövründə intellektual, fiziki və psixi inkişafını, istedad və qabiliyyətinin üzə çıxarılmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Naxçıvan Müəllimlər İnstitutunda “Beşyaşlı uşaqların təhsilə hazırlanması işinin səmərəli təşkili yolları” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları və 2019-2020-ci tədris ilində beşyaşlılara dərs demələri nəzərdə tutulan bir qrup müəllim də iştirak edib.
Naxçıvan Müəllimlər İnstitutunun İxtisasartırma və yenidənhazırlanma üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri ilə ali təhsil ocağı arasında əməkdaşlığın əhəmiyyəti barədə danışıb. Sonra Naxçıvan Müəllimlər İnstitutunun kurikulum kabinəsinin müdiri Ruhəngiz Əliyeva “Məktəbəqədər təhsilin kurikulumunda interaktivlik”, metodist, pedaqogika üzrə fəlsəfə doktoru Qızıllı Əliyeva “Beşyaşlı uşaqların fiziologiyası, psixologiyası və öyrənmə xüsusiyyətləri”, Naxçıvan şəhər 10 saylı orta məktəbin müəllimi İradə Quliyeva “Məktəbəqədər təhsilin əhəmiyyəti” mövzularında çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, məktəbəqədər hazırlığın məqsədi uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların təhsil ocağına müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasından ibarətdir.
Sonda bu ilin mart ayında ixtisasartırma kursundan keçmiş 25 ibtidai sinif müəlliminə sertifikatlar təqdim olunub.