ELM VƏ TƏHSİL
“Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri” mövzusunda aparılan tədqiqatlar müzakirə olunmuşdur
Bakı, 11 fevral (AZƏRTAC). Təhsil Nazirliyində “Beşyaşlıların məktəb təliminə hazırlanması üzrə işin vəziyyəti və yaxşılaşdırılması istiqamətləri” mövzusunda Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılan tədqiqatların müzakirəsinə həsr olunmuş tədbir keçirilmişdir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə nazir Misir Mərdanov, bu qurumun Təhsil Problemləri İnstitutunun nümayəndələri, paytaxtın ümumi təhsil müəssisələrinin direktorları iştirak etmişlər.
Təhsil Problemləri İnstitutunun məktəbəqədər təhsilin kurikulumu şöbəsinin müdiri Laləzar Cəfərova mövzu üzrə aparılmış araşdırmaların nəticələrindən danışmış, beşyaşlıların təhsilə hazırlanmasının təmin edilməsi üçün məktəblərin müvafiq ləvazimatlar və müvafiq materiallarla təchiz olunma vəziyyəti barədə məlumat vermişdir.
Şöbə müdiri müvafiq statistik məlumatları da diqqətə çatdırmışdır.
Nazir M.Mərdanov respublikamızda məktəbəqədər təhsilin real vəziyyəti, əsas problemlər və bu sahə ilə bağlı həlli vacib olan məsələlər haqqında danışmışdır. Nazir məktəbəqədər təhsil müəssisələrində, eləcə də ailələrdə uşaqlarla aparılan təlim-tərbiyə işlərinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Məktəbəqədər təhsillə bağlı bir sıra qabaqcıl ölkələrin təcrübəsindən bəhs edən M.Mərdanov bu təcrübədən yararlanmağın əhəmiyyətini də xatırlatmışdır.
Sonra mövzu üzrə müzakirələr aparılmış, təkliflər verilmişdir.