İQTİSADİYYAT


Bəxtiyar Aslanbəyli: Cəbrayılda günəş enerjisi layihəsi barədə Energetika Nazirliyi ilə müzakirələr aparılır

Bakı, 1 iyun, AZƏRTAC

Azərbaycanda keçirilən bu cür sərgilər uzun illərdir həm ölkəmizin, həm də regionumuzun enerji sektorunda baş verən hadisələr barədə fikir mübadiləsi aparmaq, mövcud və gələcək layihələri müzakirə etmək, ümumiyyətlə regionda baş verən iqtisadi siyasi proseslərin neft-qaz sektoruna təsirini dəyərləndirmək baxımından çox əhəmiyyətlidir.

Bu fikirləri BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli AZƏRTAC-a müsahibəsində bildirib.

BP rəsmisinin sözlərinə görə, illər ərzində bu sərgi çərçivəsində regionda fəaliyyət göstərən bir çox şirkətlərin rəhbər heyətləri toplaşıblar və müzakirələr aparıblar. Pandemiya səbəbindən yaranan fasilədən sonra bu sərgi mühüm əhəmiyyət daşıyır. Regionda baş verən siyasi-iqtisadi proseslər enerji münasibətlərinə də ciddi təsir göstərib.

B.Aslanbəyli qeyd edib ki, bu gün dünyanın enerji ehtiyaclarını ödəyəcək qədər resursların olmadığı müşahidə edilir: “Yəni bütövlükdə enerji keçidinə yeni baxış formalaşır. Bu hadisələr fonunda regiondakı proseslər çox önəmlidir, xüsusilə də Azərbaycan resurslarının dünya bazarına çatdırılması mühüm əhəmiyyət kəsb edir. Konfransın və sərginin ikiillik fasilədən sonra keçirilməsi, bütün maraqlı tərəflərin bir araya gəlməsi, həm ötən, həm də gələcək layihələrin perspektivləri barədə fikir mübadiləsi aparmaq üçün gözəl imkan yaradır”.

BP rəsmisi vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə - Cəbrayıl rayonu ərazisində günəş enerjisi layihəsi barədə Energetika Nazirliyi ilə müzakirələr davam edir. Energetika Nazirliyi ilə BP şirkəti arasında icra müqaviləsi imzalanıb və həmin müqavilə çərçivəsində layihənin texniki və kommersiya şərtləri müzakirə olunur. Artıq bu müzakirələr son mərhələdədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.