İQTİSADİYYAT


Bəxtiyar Aslanbəyli: D230 blokunda quyuların qazılması bu ilə planlaşdırılmır

Bakı, 26 may, Nihad Budaqov, AZƏRTAC

Xəzər dənizinin Azərbaycan sektorunda Şimali Abşeron hövzəsindəki D230 blokunda quyuların qazılması bu il üçün nəzərdə tutulmayıb.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında sazişinin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya olunması gözlənilir. Sonra blok ərazisində seysmik tədqiqatlara başlanılacaq. Bir müddət bu tədqiqatların nəticəsi araşdırılacaq və məlumatlar interpretasiya olunacaq. Yalnız bundan sonra kəşfiyyat quyularının qazılması barədə qərar veriləcək. Quyuların sayı və yeri məlum olacaq. Blokda quyuların qazılması bu il üçün planlaşdırılmır”, - deyə Bəxtiyar Aslanbəyli bildirib.

Qeyd edək ki, D230 bloku suyun dərinliyi 300 metrədək və kollektorun dərinliyi 3000-5000 metr olan əraziləri əhatə edir.

Xatırladaq ki, 2016-cı il mayın 24-də Bakıda BP və SOCAR arasında D230 blokunda potensial perspektiv strukturlarda birgə geoloji-kəşfiyyat işlərinin aparılmasına dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycanın dəniz ərazilərinin bütünlüklə tədqiq olunmasının təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum D230 blokunun geoloji-kəşfiyyatı və işlənməsi üzrə saziş bağlamaq üçün SOCAR-la danışıqlar aparması üçün BP-yə müstəsna hüquq verib.

Bu il aprelin 26-da isə Londonda Prezident İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin iştirakı ilə SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.