ELM VƏ TƏHSİL
Bəxtiyar Nəbiyev: Azərbaycan Ordusu əsl qəhrəmanlıq nümunəsi göstərir
Bakı, 2 oktyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri sentyabrın 27-dən etibarən Azərbaycana qarşı növbəti təxribatlarını törədirlər. Nəticədə mülki əhali və hərbçilər arasında yaralananlar və ölənlər oldu. Daha öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev beynəlxalq ictimaiyyəti xəbərdar etmişdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Təəssüf ki, dünyada sülh və təhlükəsizliyə məsul olan təşkilatlar bu xəbərdarlıqdan nəticə çıxarmadı.
Ulu öndər Heydər Əliyev tərəfindən qurulan, Prezident İlham Əliyev tərəfindən daha da gücləndirilən şanlı ordumuz əks-hücum əməliyyatına başladı. Əks-hücum əməliyyatının elə ilk günündə Füzuli və Cəbrayılda yeddi kənd azad edildi. Ermənilərin döyüş texnikaları və canlı qüvvəsi məhv edildi. Bütün bunlar 1994-cü il atəşkəsindən bu günə qədər ölkəmizdə möhtəşəm ordu quruculuğunun bariz nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dekan müavini Bəxtiyar Nəbiyev deyib. O bildirib ki, Azərbaycan Ordusu dünya reytinqində ən güclülər arasında 50-ci yerdədir. Ermənistan gördü ki, indi artıq 90-cı illər deyil, qarşılarına haqq-ədaləti təmin etmək üçün güclü Azərbaycan Ordusu çıxıb.
Görülən bu işlər ölkədə vətənpərvərlik ruhunun yüksəlməsinə olduqca müsbət təsir edir. Minlərlə gənc torpaqlarımızı işğaldan azad etmək üçün könüllü olaraq orduya yazılır. Şəhər və rayonlarımızı Azərbaycan bayraqları bəzəməkdədir. Vətəndaşlarımız böyük ruh yüksəkliyi ilə qəhrəman ordumuza dəstək verir. Bu gün Azərbaycan Türkiyə ilə bir millət, iki dövlət nümunəsini göstərir.
Azərbaycanın mövqeyi qətidir. Bu qətiyyətə illərlə heç real iş görməyənlərin birgə bəyanatları, bəzi ölkə liderlərinin qeyri-obyektivliyi heç bir təsir göstərə bilməz. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalq və ordu ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində qətiyyətin təntənəsini dünyaya - dosta da, düşmənə də göstərəcək. Bu qətiyyətin ifadəsi isə budur ki, Qarabağ Azərbaycandır!