MƏDƏNİYYƏT
Bəxtiyar Vahabzadənin “Fəryad” əsəri özbək dilinə tərcümə edilib
Daşkənd, 16 aprel, AZƏRTAC
Özbəkistanın Xalq şairi Camal Kamal Bəxtiyar Vahabzadənin Nəsimiyə həsr etdiyi “Fəryad” əsərini özbək dilinə tərcümə edib.
2019-cu il “Nəsimi ili” elan olunması ilə əlaqədar Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) qardaş ölkədə “Məndə sığar iki cahan” adlı poeziya müsabiqəsinə start verib.
AZƏRTAC xəbər verir ki, layihə əsasında Azərbaycan və Özbəkistan ədəbiyyatının nümayəndələrinin Nəsimi yaradıcılığına həsr etdikləri yeni şeirləri və poemaları, tərcümə əsərləri, habelə Nəsimi dəstxətinə, yaradıcılıq yoluna uyğun şeirlərin müsabiqəyə təqdim olunması nəzərdə tutulub.
Camal Kamal da yeni tərcümə etdiyi “Fəryad” əsərini müsabiqəyə təqdim edib.
Qeyd edək ki, AMM-nin layihəsi ilə 2015-ci ildən dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si özbək dilinə tərcüməsi və nəşri layihəsi həyata keçirilir. Əsər Azərbaycan ədəbiyyatının yaxın dostu Camal Kamal tərəfindən tərcümə olunur. Əsərlərin əksəriyyəti çap edilib və qalanları isə çapını gözləyir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd