SİYASƏT


“Beyin mərkəzlərinin forumu: ABŞ və Xəzər regionu” mövzusunda vebinar keçirilib

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin ABŞ-dakı tərəfdaşı Xəzər Siyasi Mərkəzi tərəfindən “Beyin mərkəzlərinin forumu: ABŞ və Xəzər regionu” mövzusunda vebinar keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Xəzər Siyasi Mərkəzinin üzvü, səfir Riçard Hoqlandın moderatorluğu ilə keçirilən vebinarda çıxış edən mərkəzin İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev Cənubi Qafqazın uzun illər bir çox dövlətlərin və xüsusilə Rusiyanın maraq dairəsində olduğunu bildirib. Qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra Rusiya, İran, Türkiyə və digər dövlətlərlə yanaşı ABŞ və Avropa İttifaqının da bu bölgəyə marağı artıb. ABŞ 1991-1992-ci illərdən etibarən regionda bir sıra məqsədlərə xidmət edib. Bu məqsədlər müstəqilliyini yeni qazanmış ölkələrin müstəqilliklərini möhkəmləndirməsi, enerji layihələrinin həyata keçirilməsinə dəstək və terrorizmə qarşı qlobal mübarizə ilə bağlı olub: “Lakin hazırda ABŞ-ın regionda rolu azalmaqdadır. Bu isə ABŞ daxilində müxtəlif məsələlərə dair müzakirələrdən, prioritetlərin dəyişməsindən irəli gəlir. ABŞ hazırda bir sıra münaqişələrdən və regionlardan geri çəkilir. Düşünürəm ki, Cənubi Qafqazda da bu meyil davam edəcək. Bu tək Tramp Administrasiyası ilə bağlı deyil. Bu tendensiyanı 2009-2010-cu illərdən görürük. Əslində, ABŞ-ın bütün ölkələrdə fəal şəkildə iştirakını gözləmək qeyri-real olardı. Belə ki, bu hərbi və iqtisadi baxımdan ciddi resurslar tələb edir”.

Fərid Şəfiyev, həmçinin qeyd edib ki, ABŞ regionda prioritet olan ölkələrlə bağlı seçim etməlidir. O, bu baxımdan Azərbaycanın balanslı siyasət yerini yetirdiyini və körpü roluna malik ölkə olduğunu qeyd edib. Eyni zamanda, regionun ABŞ-dan gözləntilərinin, həmçinin münaqişələrin həlli ilə bağlı olduğunu bildirib. O, Azərbaycan ərazilərinin bir hissəsinin işğalını xatırladıb: “Ermənistan-Azərbaycan münaqişəsi region üçün ciddi təhdiddir. Bu yaxınlarda Azərbaycanın şimal-qərbində, sərhəddə baş verənləri nəzərə alsaq, bu münaqişə sülh və təhlükəsizliklə yanaşı, enerji layihələrinə ciddi təhdid yaradır”.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin üzvü Esmira Cəfərova çıxışı zamanı regionda həyata keçirilən enerji layihələrinə və ABŞ-ın roluna toxunub. Bildirib ki, müstəqilliyin ilk günlərindən etibarən Azərbaycan ABŞ və digər ölkələrlə etibarlı tərəfdaş kimi özünü göstərib. Azərbaycan uğurlu enerji tərəfdaşlığı yaradıb və ABŞ bu proseslərə dəstək verib.

Bu baxımdan Esmira Cəfərova “Cənubi Qaz Dəhlizi” layihəsini xüsusilə qeyd edib: “Bu enerji layihəsi sabitlik və əməkdaşlığı təşviq edir və ondan əldə edilən gəlirlər Azərbaycanın iqtisadi gücünün artmasına sərf olunur. Layihə həm də ona görə əhəmiyyətlidir ki, Avropa enerji təhlükəsizliyinə, mənbə və marşrutların şaxələndirilməsinə, eyni zamanda, qitənin dekarbonizasiya səylərinə dəstək verir. Layihənin bütün seqmentləri üzrə iş uğurla tamamlanıb və CQD-nin planlaşdırıldığı kimi bu ilin payızında istismara verilməsi gözlənilir”. Esmira Cəfərova bildirib ki, ABŞ bu layihədə vacib tərəfdaşdır və “Əsrin müqaviləsi” imzalanandan bu ölkənin Azərbaycan tərəfindən həyata keçirilən layihələrə dəstəyi böyük olub və o, bu dəstəyin bundan sonra da davam edəcəyinə ümidvar olduğunu deyib.

Tədbirdə çıxış edən Gürcüstan Strateji və Beynəlxalq Araşdırmalar Fondunun (Rondeli Fondu) mütəxəssisi səfir Giorgi Badridze ABŞ-ın müstəqillik qazanan yeni region ölkələri ilə əməkdaşlığının əsas məqsədinin onların müstəqilliklərinin qorumasına dəstək vermək və beynəlxalq layihələrə cəlb etmək olduğunu bildirib. Onun sözlərinə görə, bu layihələr nəticəsində Gürcüstan və Azərbaycan dünya xəritəsində özlərinə yer tapıblar.

Qazaxıstan Beynəlxalq Əlaqələr Şurasının icraçı direktoru İskəndər Akılbayev deyib ki, ABŞ-ın tək bölgədə deyil, digər ölkələrdə rolu azalır. O, bu baxımdan Çinin artıq yeni güc ölkəsinə çevrildiyini vurğulayıb.

Özbəkistan İnkişaf Strategiyası Mərkəzinin icraçı direktoru Eldor Tulyakov ölkəsinin yerləşdiyi Mərkəzi Asiya regionunda geostrateji baxımdan bir çox dövlətlərin maraqlarının toqquşduğunu bildirib. O əlavə edib ki, Rusiyanın regionda mövqeyi dominant olaraq qalır, Çinin bölgəyə marağı isə son illər daha da artır.

ABŞ Milli Müdafiə Universitetində Yaxın Şərq-Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzinin Mərkəzi Asiya araşdırmaları üzrə professor köməkçisi Brianne Todd resursların məhdud olması səbəbindən COVID-19 pandemiyası zamanı ABŞ-ın müxtəlif ölkələrdə mövqeyində dəyişikliyin olacağını söyləyib. Onun sözlərinə görə, gələcəkdə ABŞ kiminlə əməkdaşlıq etməyə dair ciddi qərarlar verməlidir. Mərkəzi Asiya və Qafqaza baxdıqda ABŞ onunla əməkdaşlıq etmək istəyən ölkələrlə əməkdaşlıq edəcək.

“Geocase” Mərkəzinin sədri Viktor Kipiani çıxışı zamanı regiondakı layihələrdən danışaraq burada qarşılıqlı bağlılığın yüksək səviyyədə olduğunu deyib. Bildirib ki, regionda başqa dövlətlərin maraqları öz mənafelərini region ölkələri üzərində diktə etməsi şəklində olmamalıdır.

Vebinar sual-cavab sessiyası ilə davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.