CƏMİYYƏT
Beyindəki törəmə xaric edildikdən sonra xəstənin görmə qabiliyyəti bərpa olunub
Bakı, 24 yanvar, AZƏRTAC
İki il əvvəl görmə qabiliyyətinin pisləşməsi şikayəti ilə oftalmoloqa müraciət edən qadına baş beyin MRT-nin çəkilməsi tövsiyə edilsə də, xəstə buna əməl etməyib. Üçüncü övladını dünyaya gətirəndən bir ay sonra xəstənin sağ gözü işığını tamamilə itirib, sol gözündə isə 1 metr məsafədən yalnız kölgələr seçilib.
Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edən xəstədə çəkilən baş beyin MRT-də görmə çarpazını, hipotalamusu və beynin əsas damarlarını sıxan 4 santimetr ölçüdə törəmə aşkar edilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, neyrocərrah Azər Əkbərovun apardığı əməliyyat nəticəsində sağ pterional kraniotomiyadan törəmə tam xaric edilib. Əhəmiyyətli strukturlar bütünlüklə qorunub. Bir neçə saatdan sonra xəstə sağ gözü ilə işığı seçməyə başlayıb, sol gözündə isə 1,5 metrdən başlayaraq görmə dəqiqliyi artıb.