REGİONLAR
Beyləqan, Füzuli və Xocavənd rayonları üzrə 150 aztəminatlı ailəyə ərzaq yardımı verilib








Beyləqan, 30 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) xüsusi karantin rejimi günlərində aztəminatlı ailələrə kömək məqsədilə Beyləqan, Füzuli və Xocavənd rayonlarından olan aztəminatlı ailələrə ərzaq yardımı edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə yerli icra hakimiyyətinin tərtib etdiyi siyahıya əsasən, aprelin 30-da üç rayon üzrə, ümumilikdə, 150 yardım bağlaması sosial dəstəyə ehtiyacı olan vətəndaşlara çatdırılıb. Yardım bağlamalarına - çay, qənd, şəkər tozu, düyü, bitki yağı, makaron və başqa ərzaqlar qoyulub.
Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu günlərdə AHİK-in İcraiyyə Komitəsi xüsusi yardıma və qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, təqaüdçülərə ərzaq yardımlarının paylanmasını nəzərdə tutan yeni qərar qəbul edib. Bu məqsədlə respublikanın 76 şəhər və rayonunda yaşayan 3900 aztəminatlı ailəyə ərzaq sovqatının paylanılması qərara alınıb. Ümumi həcmi 68 ton olan ərzaq sovqatları hər bir ailə üçün vacib olan gündəlik tələbat mallarından ibarətdir.