REGİONLAR
Beyləqan pambıqçıları bu günədək 28 min 454 ton məhsul tədarük ediblər
Beyləqan, 9 dekabr, AZƏRTAC
Beyləqan rayonunda pambıq yığımı yekunlaşmaq üzrədir. İndiyədək qəbul məntəqələrinə 28 min 454,74 ton “ağ qızıl” təhvil verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2022-ci ildə Beyləqan rayonunda 3200 hektarı “Azərpambıq” MMC, 4460 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 700 hektarı “P-Agro” MMC ilə müqavilə əsasında, 36,6 hektarı isə digər şirkətlər olmaqla, 8396,6 hektar sahədə pambıq becərilib. Pambıq sahələrinə lazımi aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Nəticədə tarlalarda bol məhsul yetişib.
Hazırda pambıq tarlalarında sonuncu yığım gedir və gün ərzində 10 tona yaxın məhsul toplanaraq tədarük məntəqələrinə göndərilir. Rayon üzrə pambığın orta məhsuldarlığı 33,8 sentnerdir. Beyləqan pambığın məhsuldarlığına görə respublikada qabaqcıl rayonlar sırasındadır.
Qeyd edək ki, 2021-ci ildə Beyləqan rayonunda 8629,5 hektar sahədə pambıq əkilib, 24 min 860,45 ton məhsul istehsal edilib, orta məhsuldarlıq 28,8 sentner olub.