CƏMİYYƏT
Beyləqan rayonunda dörd ədəd minaatan mərmisi aşkarlanıb
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də saat 14:23-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan rayonunun İkinci Aşıqlar kəndində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları qeyd olunmuş ərazidə yol kənarına baxış keçiriblər. Aparılan təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən dörd ədəd 60 millimetrlik minaatan mərmi aşkarlanıb. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Minaatan mərmilərin ətrafında 1000 kvadratmetr əraziyə yerüstü və 150 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Agentlik tərəfindən yanvarın 1–dən dekabrın 27-dək ümumilikdə 5637 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina, 1 kiloqram civə və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə 412 min 368 kvadratmetr ərazi yoxlanılıb.