Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməli qoyulmuşdur
AzerTAg.az
Beyləqan, 28 oktyabr (AZƏRTAC). Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan şəhərinin su və kanalizasiya sistemləri kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir.
İnşaatçılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev kompleksin idarəetmə mərkəzi, şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması və situasiya planı layihələrini əks etdirən stendlərə baxdı.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, təmsil etdiyi qurum yalnız Beyləqan şəhərinin bir hissəsinə xidmət göstərir. Hazırda Beyləqan şəhərində yaşayan 15,5 min sakinin 7,6 mini və ya 49 faizi mərkəzləşdirilmiş şəbəkədən su alır. Qalan əhali isə öz tələbatını fərdi qaydada ödəyir. Şəhərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi 1981-ci ildə yaradılmışdır. Mənbə kimi on subartezian quyusundan istifadə olunur. Şəhərin bir hissəsində 50 kilometr uzunluğunda su şəbəkəsi, 11,4 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi, tutumu iki min kubmetr olan iki su anbarı və iki nasos stansiyası mövcuddur. Şəhərin çirkab suları təmizlənmədən rayon mərkəzinin kənarındakı şor kollektora axıdılır. Beyləqan şəhərində mövcud su və kanalizasiya şəbəkəsi istismara yararsızdır.
Diqqətə çatdırıldı ki, Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılır. Layihə çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcəkdir.
Dövlətimizin başçısı kompleksin təməlini qoydu.
Prezident İlham Əliyev inşaatçılara uğurlar arzuladı.


Xəbərin mətnində orfoqrafik səhv var