REGİONLAR
Beyləqanda 146 məcburi köçkün ailəsi üçün salınan yeni qəsəbənin inşası yekunlaşmaq üzrədir VİDEO
Beyləqan, 17 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial infrastruktur obyektləri olan yeni qəsəbənin inşası yekunlaşmaq üzrədir. Qəsəbənin tikintisi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”ə əsasən həyata keçirilir.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki nəzarətçisi Qorxmaz Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 146 evdən ibarət qəsəbənin inşası üçün 30 hektar torpaq sahəsi ayrılıb. Mənzillərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Qəsəbədəki evlərin hər birinin 12 sot həyətyanı sahəsi var. Ərazidə bundan əlavə 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina da tikilib. Məcburi köçkünlər üçün inşa edilən əvvəlki qəsəbələrdən fərqli olaraq hər bir ev fərdi sanitar qovşaqla təmin edilib, kombi istilik sistemi quraşdırılıb.
Artıq bütün evlərdə və sosial obyektlərdə hörgü, suvaq işləri başa çatıb, dam örtükləri, döşəmə və tavan vurulub, pəncərələr qoyulub. Qəsəbədə infrastruktur işləri də həyata keçirilib. Hər biri 300 kubmetr olan iki içməli su anbarı inşa edilib, iki subartezian quyusu qazılıb, 6 elektrik yarımstansiyası tikilib.
Hazırda mənzillərdə və sosial obyektlərdə rəngsaz və santexnik işləri aparılır, xarici divarlar rənglənir, daxili divarlara divar kağızı vurulur. Evlərin ətrafında yerə tamet döşənir, qəsəbənin daxilində yağış sularının axıdılması üçün arxlar tikilir. Qəsəbədə içməli su, qaz, elektrik xətləri çəkilməsi də yekunlaşmaq üzrədir.
Qəsəbədaxili yollara asfalt döşənəcək, abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Tikintidə əsasən yerli sakinlər və məcburi köçkünlər olmaqla 300-dən çox işçi, 20-ə yaxın texnika çalışır.