REGİONLAR


Beyləqanda 2200 hektar sahənin suvarılmasında istifadə olunan kanala beton üzlük çəkilib VİDEO

Beyləqan, 27 yanvar, Aydın Yavərzadə, AZƏRTAC

Beyləqan rayonunda P3 kanalının beton üzlüyə alınması kanal boyu sahələrin suvarılmasına müsbət təsir göstərib. 2022-ci ildə 1,3 kilometr beton üzlük çəkilməsi də daxil olmaqla, artıq kanalın 5,5 kilometr hissəsi betonlanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqan rayonunda suvarma işinin daha da yaxşılaşdırılması məqsədilə tədbirlər planına uyğun olaraq suvarma kanallarında cari və əsaslı təmir işləri görülür. Beyləqan Suvarma Sistemləri İdarəsinin sahə rəisi Bakir Tağıyev bildirib ki, işlər çərçivəsində əsas kanallardan biri olan P-3 kanalında 1,3 kilometr hissədə betonlanma işləri başa çatıb. Bununla da ümumi uzunluğu 6,6 kilometr olan kanalın artıq 5,5 kilometr hissəsi betonlanıb.

Mənbəyini Xanqızı kanalından götürən P-3 suvarma kanalı ümumilikdə 2200 hektar sahənin suvarılmasına xidmət edir. Cari ildə suvarma işinin yaxşılaşdırılması üçün P3 kanalının qalan 1,1 kilometr hissəsində beton üzlüyün çəkilməsi, P5-6 nov kanalında isə 1 kilometr hissədə yenidənqurma işləri nəzərdə tutulub.

Təsərrüfat sahibi Hüseyn Səfərovun sözlərinə görə, görülən işlər suvarmaya müsbət təsir göstərib: "Əvvəllər kanalın torpaqməcralı olması səbəbindən su itkiyə gedirdi, həmçinin sahələrə suyun çatması gecikirdi və torpağa sızan su kütləsi şorlaşmaya yol açırdı. Lakin kanalın beton üzlüyə alınması bu kimi çətinlikləri aradan qaldırıb. Suvarma işinin yaxşılaşması həm də məhsuldarlığa yaxşı təsir göstərib".

Qeyd edək ki, Beyləqan rayonu üzrə 50539 hektar sahənin suvarılması üçün 1298,6 kilometr uzunluğunda suvarma kanallar mövcuddur. Əsas su mənbəyi Xanqızı kanalı və Qarabağ kanalıdır. Suvarma kanallarından 133,2 kilometr beton üzlüklü, 148 kilometr nov kanal, 1,58 kilometr qapalı boru kəmər, 1015,62 kilometr isə torpaq məcralı kanallardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.