REGİONLAR
Beyləqanda “Gömrük və gənc nəsil” mövzusunda şagirdlər ilə görüş keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
Beyləqan rayonu ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən Xocavənd rayonu Tuğ kənd 1 saylı tam orta məktəbində “Gömrük və gənc nəsil” mövzusunda görüş keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə gömrük əməkdaşları və məktəbin şagirdləri iştirak ediblər.
Xudafərin Gömrük İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan Gömrük Xidmətinin yaranma tarixi, ölkənin idxal-ixrac əməliyyatları, qaçaqmalçılıq və gömrük hüquqpozmaları ilə mübarizə məsələləri barədə məktəblilərə bilgi verilib. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin iqtisadi təhlükəsizliyinin qorunması və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görüb. Məhz onun uzaqgörən siyasəti, gömrük sisteminin formalaşması üçün verdiyi dəyərli tövsiyələri və bu qurumun daha da modernləşməsinə yönələn iqtisadi siyasəti nəticəsində hazırda Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşıb.
Gömrük əməkdaşları həmçinin Azərbaycan Gömrük Xidmətinin bu gün mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla ölkədə fiskal siyasəti həyata keçirməsi, quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini necə qorumasından söhbət açıblar.
Vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi üçün mühüm tədbirlər görülüb. Dövlət başçısı hər bir sahədə olduğu kimi, gömrük sisteminin də bütün istiqamətlər üzrə daha da təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlayır və müvafiq işlərin həyata keçirilməsi davam etdirilir.
Tədbirin sonunda bu kimi görüşlərin şagirdlərin dünyagörüşünün formalaşmasında, onların intellektual səviyyəsinin yüksəldilməsində mühüm rol oynadığı bildirilib.