REGİONLAR
Beyləqanda “Heydər Əliyevin Şuşaya zəngin tarixi abidə kimi qayğısı” mövzusunda elmi-praktik konfrans keçirilib
Beyləqan, 12 aprel, AZƏRTAC
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyevin Şuşaya zəngin tarixi abidə kimi qayğısı” mövzusunda elmi-praktik konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şuşa sakinlərinin, ümumtəhsil məktəblərinin, peşə məktəbinin və uşaq musiqi məktəbinin müəllim və şagirdlərinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı tərəfindən Azərbaycanın tarixi mədəniyyət mərkəzi, Qarabağın baş tacı və hərbi-strateji əhəmiyyətə malik qədim Şuşa şəhəri haqqında ətraflı məlumat verilib. Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova çıxış edərək, ümummilli lider Heydər Əliyevin Şuşaya diqqət və qayğısından, 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsinin əhəmiyyətindən danışıb.
Konfransda çıxış edən Şuşa sakini Ofelya Quliyeva, tarix müəllimi Mətanət Əliyeva, peşə məktəbinin müəllimi Sənani Umudov Şuşanın Azərbaycan dövlətçiliyinin tarixindəki yerindən, qədim abidələrindən, işğalı və azad olunması tarixindən bəhs ediblər.
Tədbir musiqili proqramla davam etdirilib, “Azərbaycanın incisi Şuşa!” adlı videoçarx nümayiş olunub.