REGİONLAR
Beyləqanda avtoxuliqanlıq edən şəxs həbs olunub
Beyləqan, 9 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Beyləqan RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla xuliqanlıq edərək rayon ərazisində ictimai qaydanı nümayişkəranə şəkildə pozan Hüseyn Məhərrəmov saxlanılıb. Həmin şəxs saxlanıldıqdan sonra RPŞ-yə gətirilib, idarə etdiyi avtomobil müvəqqəti dayanacağa yerləşdirilib.
H.Məhərrəmovun barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə H.Məhərrəmov 20 gün müddətinə inzibati qaydada həbs edilib.