REGİONLAR
Beyləqanda bu günədək 7400 hektar sahədə çiyid səpilib
Beyləqan, 7 may, AZƏRTAC
Beyləqan rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri bu günədək 7400 hektar sahədə səpin aparıblar.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il 8500 hektar sahədə pambıq becərilməsi nəzərdə tutulur. bu da ötən illə müqayisədə 4500 hektar çoxdur. Yüksək məhsuldarlıq əldə etmək üçün səpin aparılacaq sahələrin hamısında şum, arat və malalama işləri vaxtında həyata keçirilib. Hazırda çiyid səpini uğurla davam edir. Səpinə kifayət qədər aqreqat cəlb olunub və bir həftə ərzində səpin işlərinin tam başa çatdırılması nəzərdə tutulur.
Ərazidə fəaliyyət göstərən “MKT İstehsalat Kommersiya” MMC və “CTS Aqro” MMC ilə bağlanan müqaviləyə əsasən, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin olunurlar.
Qeyd edək ki, 2016-cı ildə Beyləqan rayonunda 3958 hektar sahədə pambıq becərilib və 8 min tondan çox məhsul tədarük edilib.