REGİONLAR
Beyləqanda əhalinin pulsuz tibbi müayinədən keçirilməsi uğurla davam edir VİDEO
Beyləqan, 2 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.
Beyləqan Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Aytən Mirzəyeva AZƏRTAC-a bildirib ki, sakinlər mərkəzi rayon xəstəxanasında, Birinci Şahsevən, Təzəkənd və Dünyamalılar kənd sahə xəstəxanalarında müayinə olunurlar. Bu günədək rayonda 35 idarə və təşkilatın kollektivi, 20 yaşayış məntəqəsinin sakinləri olmaqla, 28 min 500 nəfər tibbi müayinədən keçib. Ümumilikdə tibbi müayinədən rayonun 40 yaşayış məntəqəsindən 58 min nəfərin keçməsi nəzərdə tutulub.
Beyləqan mərkəzi rayon xəstəxanasının baş həkimi Əli Məmmədov isə qeyd edib ki, vətəndaşlar əvvəlcə terapevt tərəfindən müayinə olunurlar. Sonra ehtiyac yaranarsa, kardioqram, ultrasəs, rentgen, laborator və digər müayinələrdən keçirilirlər. Bundan başqa, əhalinin tibbi müayinəsi yüksək ixtisaslı mütəxəssislərdən ibarət 4 həkim briqadası tərəfindən rayonun kəndlərində də aparılır. Müayinələr zamanı xəstəlik aşkar olunan 850 nəfər ambulator, 122 nəfər isə stasionar müalicəyə cəlb olunub, 25 nəfər Bakı şəhərinə göndərilib.
Dövlətimizin başçısının bu humanist təşəbbüsü rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanır. Müayinədən keçən insanlar Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən xeyirxah aksiyanı yüksək qiymətləndirir və bu qayğıya görə minnətdarlıqlarını bildirirlər.