REGİONLAR


Beyləqanda əkin sahələrinin suvarılması üçün 1300 metr kanal beton üzlüyə alınıb VİDEO

Bakı, 29 iyun, AZƏRTAC

Beyləqan Suvarma Sistemləri İdarəsi balansında olan torpaq sahələrinin şoranlaşmasının qarşısının alınması, qrunt sularının axıdılması üçün 1330 kilometrdən uzun kollektor-drenaj şəbəkəsinə xidmət edir. Hazırda texnikalar vasitəsi ilə istər kollektor-drenaj şəbəkələrində, istərsə də suvarma kanallarında lildən təmizləmə işləri davam edir. Bu il 128 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bununla da görülən işlər nəticəsində torpaqların münbitləşməsinə şərait yaranıb.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Beyləqan Suvarma Sistemləri idarəsi 2 mənbədən, Qarabağ kanalı vasitəsilə Kür çayından, Baş Mil Kanalı vasitəsilə isə Araz çayının suyundan istifadə etməklə rayon ərazisində 50539 hektar torpaq sahəsinin suvarılması ilə məşğul olur. Suvarılmanın daha da yaxşı aparılması üçün idarənin balansında olan 117 ədəd subartezian quyusundan istifadə edilir. Rayonda suvarma əsasən öz axımı ilə aparılır. Suvarılmanın daha mütəşəkkil, daha səmərəli və itkisiz həyata keçirilməsi üçün idarə əsasən torpaq məcralı kanalların beton üzlüyə alınmasına üstünlük verir. Cari ildə 1300 metr uzunluğunda torpaq məcralı kanal beton üzlüyə alınıb.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi 7360 hektar sahənin Qarabağ kanalı vasitəsilə Kür çayından su götürülməklə, 40200 hektardan artıq əkin sahəsinin isə Baş Mil Kanalı vasitəsilə Araz çayından su götürülməklə suvarılmasını həyata keçirir. Hazırda rayon ərazisində əkilən taxıl, pambıq, bostan-tərəvəz və digər kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.