REGİONLAR
Beyləqanda əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır
Beyləqan, 25 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni subartezian quyuları qazılır, suvarma kanalları çəkilir, mövcud subartezian quyuları, kanallar və hidrotexniki qurğular təmir edilir.
Beyləqan Suvarma Sistemləri İdarəsi Xan qızı və Qarabağ kanalları vasitəsilə Beyləqanda 50 min 497 hektar, İmişlidə isə 639 hektar sahəni suvarma suyu ilə təmin edir. Hazırda idarənin balansında 1181,9 kilometr suvarma kanalı, 1304 hidrotexniki qurğu, 492 körpü və keçid var.
İdarədən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə 348,3 kilometr uzunluğunda suvarma kanalı lildən təmizlənərək, 618 min kubmetr həcmində torpaq işi görülüb, 148 hidrotexniki qurğu cari, 2 qurğu əsaslı təmir edilib. Selə qarşı mübarizə üçün Araz çayında 77 min kubmetr məcratəmizləmə işləri görülüb. 460 metr torpaq kanal betonla üzlənib. İlin sonunadək 1200 metr beton kanal çəkilməsi nəzərdə tutulur.
Cari ildə rayonda vegetasiya suvarma dövründə mühəndis texniki işçilərin köməyi ilə qarşıya çıxan çətinliklər vaxtında aradan qaldırılıb, suvarmada gecikmə halları olmayıb.
Beyləqan rayonunda yeni subartezian quyularının qazılması və istismara verilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 15 dekabr və 2016-cı il 1 iyul tarixli sərəncamlarına əsasən, cari ildə rayon ərazisində 7 subartezian quyusunun qazılması nəzərdə tutulub. Quyular Beyləqan şəhəri, Mil qəsəbəsi, Örənqala, Kəbirli, Aşıqalılar, Təzəkənd və Dünyamalılar kəndlərində qazılacaq.