CƏMİYYƏT
Beyləqanda istehlak üçün yararsız 120 kiloqram ət məhv edilib
Bakı, 11 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi və Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları daxil olan məlumat əsasında Beyləqan rayonu ərazisində aprelin 11-i gecə saat 2 radələrində vətəndaşa məxsus "Jiquli" markalı 44-BE-524 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən nəqliyyat vasitəsinin yük hissəsində təxmini çəkisi 120 kiloqram olan iribuynuzlu heyvan cəsədi aşkar ediblər.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aşkar edilmiş heyvan cəmdəyinə baxış keçirilərkən heyvanın aqonal vəziyyətdə kəsildiyi, soyulmadığı, qansızlaşdırmanın aparılmadığı, eyni zamanda antisanitar vəziyyətdə daşındığı məlum olub. Həmin cəmdəkdən götürülən nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Laboratoriyasına göndərilib.
Heyvan cəmdəyi istehlak üçün yararsız olduğundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən baytarlıq-sanitariya tələblərinə uyğun olaraq zərərsizləşdirilib.
Agentlik vətəndaşlardan belə hallarla əlaqədar məlumatları olduqda aidiyyəti hüquq-mühafizə orqanlarına və 1003 nömrəli "Çağrı mərkəzi”nə məlumat verməyi xahiş edir.