SİYASƏT
Beyləqanda keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından danışılmışdır
Beyləqan, 14 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Beyləqan rayon mədəniyyət sarayında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon mədəniyyət və turizm şöbəsi, “Araz” Ədəbi Birliyi, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi, rayon mərkəzləşdirilmiş kitabxana sistemi nümayəndələrinin və başqalarının iştirak etdikləri tədbirdə çıxış edənlər 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir şəraitdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar. Bildirilmişdir ki, müstəqillik yoluna yeni qədəm qoymuş ölkəmiz 1990-cı illərin əvvəllərində bir tərəfdən Ermənistanın təcavüzü ilə, digər tərəfdən isə daxili separatçı qüvvələrin xəyanəti ilə məhv olmaq, tarixin səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir çətin dövrdə dahi rəhbər Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızı parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtardı. Ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yeritdiyi müdrik daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyimiz dönməz xarakter almış, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur.
Çıxışlarda vurğulanmışdır ki, dahi Öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.