REGİONLAR
Beyləqanda mexanizatorlar üçün növbəti maarifləndirici tədbir keçirilib
Bakı, 7 avqust, AZƏRTAC
Beyləqan rayon Dövlət Aqrar İnkişaf Mərkəzində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA), Dövlət Yol Polisi İdarəsinin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə sahibkarlar, özəl aqroservislərin nümayəndələri və mexanizatorlar iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi yol hərəkəti qaydalarına düzgün riayət edilməsi, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, özəl aqroservislərin fəaliyyətinin genişlənməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması olub.
Tədbirdə çıxış edən Aqrar Xidmətlər Agentliyinin əməkdaşı Azər Qarayev Agentlik tərəfindən son zamanlar bu sahədə həyata keçirilən tədbirlər, göstərilən xidmətlərin əhaliyə əlçatanlığının təmin edilməsi, vətəndaş məmnunluğunun daha da artırılması istiqamətində görülən işlər və innovativ texnologiyalar barədə ətraflı məlumat verib.
Sonda qeyd edilən məsələlər barədə geniş fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin iştirakçılara xidmətin fəaliyyətini və xidmətə görə ödəniləcək rüsumları əks etdirən bukletlər paylanılıb.
Növbəti tədbirin Qobustan rayonunda keçirilməsi nəzərdə tutulur.