SİYASƏT


Beyləqanda müharibə veteranına “Hərbi xidmətlərə görə” medalı təqdim olunub

Bakı, 18 oktyabr, AZƏRTAC

18 oktyabr - Dövlət Müstəqilliyi Günündə Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Ordusunun ehtiyatda olan çavuşu, Qarabağ müharibəsinin veteranı Məmmədov Vüqar Vilayət oğluna “Hərbi xidmətlərə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi yad edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəsmilərinin, Beyləqan Rayon İcra Hakimiyyəti rəhbərliyinin, ictimaiyyətin və bölgənin müdafiəsində dayanan hərbi hissənin nümayəndələrinin iştirak etdikləri tədbirdə rayon icra hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunmasında müstəsna xidmətlərindən, bu yolda apardığı mübarizələrlə dolu şərəfli xidmət yolundan danışıb və bu işin bu gün Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Müdafiə Nazirliyinin nümayəndəsi, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani çıxış edərək tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından əlamətdar gün münasibətilə təbrik edib. O, Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə ehtiyatda olan çavuş V.Məmmədovun “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması haqqında Prezident İlham Əliyevin Sərəncamını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonra medal igid döyüşçüyə təqdim edilib.

Ehtiyatda olan çavuş V.Məmmədov layiq görüldüyü medalın xeyli müddət sonra ona təqdim olunmasında göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. O, birinci Qarabağ müharibəsi zamanı ağır yaralanmasına baxmayaraq, bu gün də qardaşları və övladı ilə birlikdə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə hazır olduğunu bildirib.

Polkovnik Elşad Əbilov hərbi birliyin komandanlığı və şəxsi heyəti adından ehtiyatda olan çavuşu təbrik edib və ona uğurlar arzulayıb.

Tədbir “Qarabağ Azərbaycandır! Hər birimiz Qarabağ uğrunda Ali Baş Komandanın əmrlərinə hər an hazırıq!” şüarı ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.