REGİONLAR
Beyləqanda pambıqçı fermerlər xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri barədə məlumatlandırılıblar
Beyləqan, 24 sentyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və “EMA QSC”-nin birgə layihəsi əsasında kənd təsərrüfatının inkişafı məqsədilə maarifləndirici təlimlərə start verilib. İlk görüşlərdən biri Beyləqanda gerçəkləşib. Mütəxəssislər və fermerlərin də iştirak etdiyi toplantıda əsas mövzu pambıqçılıq olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə “Pambıq bitkisinin yetişdirilməsinə mane olan zərərvericilərin müəyyənləşdirilməsi və mübarizə yolları” müzakirə edilib. Yerli və xarici mütəxəssislərin də iştirak etdiyi təlimdə kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması məqsədilə ilkin tədbirlərin görülməsinin vacibliyindən danışılıb. Həmçinin xəstəlik və ziyanvericilərə qarşı mübarizə tədbirləri, dərmanlama prinsipləri və istifadə olunan gübrələrin miqdarı müzakirə edilib.
Bundan başqa, innovativ üsullarla əkin sahəsini azaltmaq və daha çox məhsul əldə etməyin üstünlükləri barədə söhbətlər aparılıb. Eyni zamanda, təlimlərdə ekologiya, insan sağlığı və ətraf mühitin qorunması mövzusunda da fikir mübadilələri aparılıb.
Fermerləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra fermerlər və mütəxəssislər pambıq sahəsinə baxış keçiriblər.