REGİONLAR
Beyləqanda sahələrin vaxtında suvarılması üçün lazımi tədbirlər görülür VİDEO
Beyləqan, 18 avqust, A.Yavərzadə, AZƏRTAC
Beyləqanda suvarma işinin səmərəli aparılması üçün nasos stansiyaları, körpü qurğuları təmir edilib, kanallarda təmizlənmə işləri aparılıb. Sahələrin vaxtında suvarılması üçün növbəlilik prinsipinə uyğun suvarma tətbiq olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqanda suvarma işlərinin keyfiyyətlə aparılması üçün bir sıra əsaslı və cari təmir işləri yerinə yetirilib. Beyləqan rayon Suvarma Sistemləri İdarəsinin rəisi Azim Kərimovun sözlərinə görə, idarə tərəfindən rayon ərazisində 50539 hektar əkinəyararlı sahəyə xidmət göstərilir. Sahələrin suvarılması mənbəyini Araz çayından götürən Xan qızı kanalı, Kür çayından qidalanan Qarabağ kanalı vasitəsi ilə aparılır. Ümumilikdə rayon üzrə 1298,61 kilometr uzunluğunda kanal mövcuddur ki, bunun da 1,58 kilometri qapalı, yəni borulardan, 148,9 kilometri nov kanal, 132,2 kilometri beton üzlüklü kanaldan ibarətdir. 1015,93 kilometr kanal şəbəkəsi isə torpaq məcralıdır.
Rayon ərazisində yerləşən əkin sahələri adətən öz axımı ilə suvarılan kanallardan yararlanır. Əkin sahələrinin 2030 hektarının öz axımı ilə suvarılması mümkün olmadığı üçün 7 ədəd nasos stansiyası fəaliyyət göstərir. Bunlardan 6-sı Xan qızı kanalı, 1-i isə Qarabağ kanalı üzərində quraşdırılıb. Görülən işlər sayəsində pambıq sahələri günün tələbinə uyğun olaraq lazımi qədər suvarılıb. Rayonun daha ucqar ərazilərində isə su çatışmazlığının aradan qaldırılması üçün növbəlilik prinsipinə uyğun olaraq suvarma işləri görülüb.
Suvarma işlərinin səmərəli aparıldığını söyləyən rayon sakini Əzizağa Ağayev bildirib ki, ötən il 4 hektar pambıq sahəsindən yüksək məhsul götürdüyü üçün cari ildə sahəni artıraraq 7 hektarda pambıq əkib və tarlalar vaxtında olmaqla, iki dəfə suvarılıb. Hər hektara 50 sentner məhsul gözlədiyini söyləyən fermer, növbəlilik planına əsasən aparılan suvarmanın effektli olduğunu deyir.
İdarədən verilən məlumat görə, suvarma işlərinin daha keyfiyyətli aparılması üçün kanal şəbəkələrində lildən təmizləmə işləri görülüb, həmçinin nasos stansiyalar cari təmir olunub, körpü qurğular əsaslı təmir edilib. Bundan başqa, hidrotexniki qurğularda sazlanma və bərpa işləri yerinə yetirilib. Cari ildə suvarma işlərinin yaxşılaşdırılması və su itkisinin qarşısının alınması məqsədilə 1,5 kilometr kanalın beton üzlüyə alınması nəzərdə tutulub.