REGİONLAR
Beyləqanda seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün lazımi şərait yaradılıb
Beyləqan, 6 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıq işləri 81 saylı Beyləqan seçki dairəsində “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na uyğun davam etdirilir.
81 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının sədri Zakir Vəlişov AZƏRTAC-a bildirib ki, 39 seçki məntəqəsində 35 min 544 seçici qeydə alınıb. Parlament seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün məntəqələrdə lazımi şərait yaradılıb. Seçki məntəqələrinin hamısında cari təmir işləri aparılıb. Bütün məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Namizədlərin təbliğat-təşviqat materiallarını yerləşdirmələri üçün seçki məntəqələrinin yaxınlığına lövhələr quraşdırılıb. Namizədlərin seçicilərlə görüşləri üçün açıq və qapalı yerlər müəyyənləşdirilib. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə seminar-treninq keçirilib.
Təqvim planına uyğun olaraq hazırda müşahidəçilərin qeydə alınması davam etdirilir.