REGİONLAR
Beyləqanda sınaq üçün xarici sort qarğıdalı toxumları əkilir FOTO VİDEO
Beyləqan, 23 iyun, Aydın Yavər, AZƏRTAC
Beyləqanda sınaq üçün xarici sort qarğıdalı toxumları əkilir. Məqsəd yerli iqlimə uyğun qarğıdalı sortunu müəyyənləşdirmək və məhsuldarlığı artırmaqdır.
AZƏRTAC xəbər verir k, dörd növdən ibarət xarici sort toxumlar Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən əkilir. Mərkəzin direktoru Mirağa Kazımov bildirib ki, əkin üçün 20 hektar sahə ayrılıb. Artıq səpinə start verilib. Əkiləcək toxumların 2-si Rusiya, 2-si isə Türkiyədən gətirilib. Əkin müqayisəli şəkildə aparılır. Gələcəkdə yerli iqlimə uyğun yüksək məhsuldarlığa malik toxumdan istifadə ediləcək. Əsas məqsədlərdən biri də məhsuldarlığı vahid sahə üzrə artırmaqdır. Bununla da ərzaq qıtlığının aradan qaldırılmasına və heyvanlar üçün yem bazasının artırılmasına nail olunacaq.
Aqronom Lətif Orucov isə qeyd edib ki, qarğıdalı əkini əsasən arpa biçilən sahələrdə aparılacaq. Səpindən öncə mala işləri yerinə yetirilib. Hər hektara 12-17 ton məhsul vermək qabiliyyətinə malik olan bu sortların vegetasiya müddəti 90 gündür. Qarğıdalı əsasən iki istiqamətdə üzrə əkilir - silos və dənlik. Dənlik üçün hər hektara 20-22 kiloqram, silos üçün isə 25-30 kiloqram toxum səpilir. Hazırda əkini aparılan qarğıdalının oktyabr ayında yığılması planlaşdırılır.
Qeyd edək ki, texniki bitki olan qarğıdalının vətəni Amerikadır. Azərbaycana XVIII əsrdə gətirilib. Qarğıdalı il ərzində iki dəfə - mart ayında və taxıl biçini sonrası əkilir. Çox faydalı bitki olan qarğıdalıdan həm ərzaq məhsulu, həm də maldarlıqda yem kimi istifadə edilir.