REGİONLAR
Beyləqanda tədbir: Biz Heydər Əliyev ordusunun əsgərləriyik
Beyləqan, 21 iyun, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı siyasəti onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandanın iradəsi və Ordumuzun gücü sayəsində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, işğal altında olan torpaqlarımız azad edildi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində keçirilən “Biz Heydər Əliyev ordusunun əsgərləriyik" adlı tədbirdə səsləndirilib. 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup gəncin də qatıldığı tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Kərimova tədbirdə çıxış edərək, ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindən, ordu quruculuğundakı uğurlardan, Azərbaycan Ordusunun düşmən üzərində qazandığı şanlı Qələbədən danışıb. Bildirib ki, 44 günlük Vətən müharibəsi gənclərdə vətənpərvərlik hissinin daha da inkişaf etməsinə təkan verdi. Bu günün məktəblisi, sabahın gənci aydın şəkildə gördü ki, torpaqlarımızı düşmən tapdağından azad edən oğullar diqqətdən kənarda qalmadı. Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də respublikamızın ərazi bütövlüyünün qorunması, ölkəmizin inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcək. İşğal altında olan torpaqlarımızın azad olunmasında iştirak edən gənclər ulu öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin məzunlarıdır.
Tarix Diyarşünaslıq Muzeyinin direktoru Mehriban İsgəndərova çıxışında ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, Vətən müharibəsində şücaət göstərmiş Azərbaycan gənclərinin qəhrəmanlığı layiqincə qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti minlərlə gənci Vətən müharibəsindəki xidmətlərinə görə dövlətimizin ali orden və medalları ilə təltif edib. Onlar hər zaman bu orden və medalları sinələrində şərəflə daşıyacaqlar. Elin-obanın, gələcək nəsillərin qürur yeri olacaqlar.