REGİONLAR


Beyləqanda toxumluq taxıl sahələri gübrələnir VİDEO

Beyləqan, 25 mart, Aydın Yavərzadə, AZƏRTAC

Beyləqan rayonunda toxumluq üçün nəzərdə tutulan arpa və buğda sahələrində yemləmə işləri görülür. Yaz-tarla işlərinə uyğun olaraq hazırda taxıl sahələrində gübrələnmə üçün karbamiddən istifadə edilir. Məqsəd yerli sort arpa və buğda sortlarının inkişaf etdirilməsidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Beyləqanda toxumçuluğun inkişafı məqsədi ilə yerli sortlardan ibarət buğda və arpa becərilməsi xüsusi diqqətdə saxlanılır. “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Mərkəzi Aran regional bölməsinin rəis müavini Mirağa Kazımov bildirib ki, MMC-nin Mərkəzi Aran regionalı üç rayonu Beyləqan, Zərdab, Kürdəmiri əhatə edir. Həmin rayonlar üzrə ümumilikdə 230 hektar buğda, 64 hektar sahədə isə arpa toxumluq olaraq əkilib. Burada yüksək reproduksiyalı ilkin toxumçuluq inkişaf etdirilir. “Orijinal”, “Super Elit ”, “Elit” "R-1" reproduksiyalı taxıllar əkilib. Sahələrdə yerli sortlardan “Əsgəran”, “Şəfəq-2”, “Ləyaqətli-80” buğda sortları, “Günəş”, “Nuranə”, “Dəyanətli” arpa sortları yetişdirilir. Səpin zamanı hər hektara 300 kiloqram amofos və normaya uyğun olaraq kalium gübrəsi istifadə edilib. Hazırda isə yaz-tarla işlərinə uyğun olaraq sahələrdə yemləmə işləri üçün karbamiddən istifadə edilir. Arpa sahələrinə hər hektara 105 kiloqram, buğda sahələrinə isə 250 kiloqram gübrə səpilir. Demək olar ki, 70 faizədək sahələrdə işlər başa çatıb və davam etdirilir. Növbəti mərhələdə alaq otlarına qarşı mübarizə tədbirləri nəzərdə tutulub.

“Məqsəd yüksək məhsul əldə etməkdir və hektara 50 sentnerin üzərində məhsul gözlənilir. Bununla yanaşı regionun əhatə etdiyi sahələrdə əsasən rayonlaşmış yerli sortlara üstünlük verilir. Bu toxumlar Əkinçilik Elmi Tədqiqat İnstitutunda alimlər tərəfindən seleksiya yolu ilə əldə olunan yerli sortlar olduğu üçün regiona xas xüsusiyyətləri özündə birləşdirir və xəstəliklərə dözümlü olmaqla yanaşı, həm də suya az tələbat olan sortlar sayılır. Elə buna görə yerli sortlara fermerlərin marağı daha yüksəkdir. Eyni zamanda, yerli sort toxumçuluğun inkişafı xarici bazardan olan asılılığı aradan qaldırır”, - deyə Mirağa Kazımov bildirib.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də yalnız bitkiçilik sahəsi deyil, həm də heyvandarlıq sahəsi də inkişaf etdirilir. Cəmiyyətin tabeliyində yeddi regional idarə, həmçinin “Qarabağ atçılıq zavodu” və “Dilbaz atçılıq təsərrüfatı” MMC-lər fəaliyyət göstərir. Cəmiyyətin əsas məqsədi əkin və otlaq sahələrindən səmərəli istifadənin təmin edilməsi, növbəli əkin sistemi, cəmiyyətin ümumi torpaq ehtiyatlarında yararsız hesab edilən torpaqların əkin dövriyyəsinə cəlb edilməsidir. Bundan başqa, idxalın yerli istehsalla əvəz edilməsi, intensiv aqrotexnologiyaların və mal-qaranın bəslənilməsi və cins damazlıq mal-qara təcrübəsinin tətbiqi ilə keyfiyyətli məhsul istehsalı və emalı, su, iqlim və torpaq ehtiyatlarının daha səmərəli istifadəsinə töhfə verməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.