REGİONLAR
Beyləqanda ümumi məhsul buraxılışının həcmi 26,4 faiz artıb
Beyləqan, 8 fevral, AZƏRTAC
2017-ci ildə Beyləqan rayonunda ümumi məhsul buraxılışının həcmi 248,4 milyon manat olub. Ümumi məhsul buraxılışının 23,2 milyon manatını sənaye, 98,6 milyon manatını kənd təsərrüfatı məhsulları istehsalı təşkil edib. Əsas kapitala 75,9 milyon manat investisiya yönəldilib, 73,5 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb. Ötən ilin eyni dövrü ilə müqayisədə ümumi məhsul buraxılışı 26,4 faiz, əsas kapitala yönəldilən investisiyalar 25 faiz, tikinti-quraşdırma işləri 29 faiz artıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Beyləqan rayon Mədəniyyət Mərkəzində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan yığıncaqda məlumat verilib.
Yığıncaq iştirakçıları əvvəlcə mədəniyyət mərkəzinin foyesində Beyləqanda istehsal edilən məhsulların sərgisinə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin məruzəsində bildirilib ki, sahibkarlığın inkişafı rayonda prioritet məsələ kimi daim nəzarətdə saxlanılıb, 2017-ci ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 21 layihəyə 208 min 800 manat kredit ayrılıb.
Diqqətə çatdırılıb ki, bu il 8550 hektar sahədə pambıq əkilib, 15 min 726 ton məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə pambıq əkini 2,1 dəfə, məhsul istehsalı 2 dəfə çoxdur. Bundan başqa ötən il 16 min 446 ton şəkər çuğunduru, 4083 ton soya, 11 min 796 ton qarğıdalı, 3698 ton kartof, 23 min 460 ton tərəvəz, 6226 ton bostan məhsulları, 6897 ton meyvə-tərəvəz, 1340 ton üzüm istehsal olunub. Hesabat dövründə iribuynuzlu heyvanların sayı 102 baş artaraq 58 min 785 başa, xırdabuynuzluların sayı isə 479 baş artaraq 301 min 103 başa çatıb. 7949 ton ət, 39 min 573 min ton süd, 589 ton yun istehsal edilib.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, idman və digər sahələrdə həyata keçirilən tədbirlərdən, əhalinin elektrik enerjisi, təbii qaz, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərdən ətraflı bəhs edilib.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev yığıncaqda çıxış edərək, respublikamızda müxtəlif sahələrdə əldə olunan uğurlardan, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb.