REGİONLAR
Beyləqanda ümumxalq səsverməsinə hazırlıq işləri davam etdirilir
Beyləqan, 30 avqust, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Beyləqan rayonunda da sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinə (referenduma) hazırlıq işləri aparılır.
81 saylı Beyləqan seçki dairəsi dairə seçki komissiyasının sədri Zakir Vəlişov AZƏRTAC-a bildirib ki, dairənin tərkibinə daxil olan 39 seçki məntəqəsində 35 min 515 seçici qeydə alınıb. Seçicilərdən 120 nəfəri ilk dəfə səs verən gənclərdir. 5 seçicinin yaşı isə 100-dən çoxdur.
Referenduma hazırlıqla əlaqədar dairənin tərkibində olan 39 seçki məntəqəsinin hamısında cari təmir işləri aparılıb. Bütün məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Mərkəzi Seçki Komissiyasının xətti ilə dairə və məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi və peşə hazırlığının artırılması məqsədi ilə seminar-treninq keçirilib.
“Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin (referendumun) hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”na uyğun olaraq hazırda seçicilərə paylanılması üçün səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (ünvanı) barədə bildirişlər yazılır, müşahidəçilərin qeydə alınması davam etdirilir.