REGİONLAR


Beyləqanın Əhmədli və Gödəklər kəndlərində modul tipli məktəb binaları istifadəyə verilib

Beyləqan, 19 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Beyləqan rayonunun Əhmədli və Gödəklər kənd tam orta məktəbləri üçün quraşdırılan modul tipli binalar istifadəyə verilib. Prezident İlham Əliyevin "Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" 2018-ci il 27 mart tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına qurulan binaların hər biri 96 şagird yerlikdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəb binalarının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Beyləqan Rayon İcra Hakimiyyətinin və təhsil şöbəsinin nümayəndələri, müəllim, şagird və valideynlər iştirak ediblər. Çıxış edənlər müəllim, şagird və valideynləri təbrik edib, təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.

Bildirilib ki, 2003-2018-ci illərdə Beyləqan rayonunda 16 yeni məktəb binası tikilib, 5 məktəb əsaslı təmir edilib, 2 məktəbin hər birində 120 yerlik 6 sinif otağı inşa olunub. Bu məktəblərdə təhsil alan 7018 şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Hazırda Xalac kənd tam orta məktəbinin binası əsaslı təmir olunur. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 fevral tarixli Sərəncamı ilə rayonun Dünyamalılar kəndində 624 şagird yerlik yeni məktəb binası inşa ediləcək.

Kənd sakinləri, pedaqoji kollektivin nümayəndələri və şagirdlər Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra tədbir iştirakçıları məktəblərdə yaradılan şəraitlə tanış olublar. Sinif otaqları, müəllimlər otağı, kitabxana, sanitar qovşaqdan ibarət məktəblər müasir avadanlıq və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətlərində abadlıq işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.