REGİONLAR


Beyləqanın Dünyamalılar kəndində 624 şagird yerlik məktəb binası istifadəyə verilib FOTO VİDEO

Beyləqan, 14 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Sentyabrın 14-də Beyləqan rayonu Dünyamalılar kənd 1 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binası istifadəyə verilib.

Məktəb binasının açılış mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yeni məktəb binası 624 şagird yerlikdir. 24 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 6 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.

2020-2021-ci tədris ilində təhsil müəssisəsində 522 şagirdin, məktəbəhazırlıq qrupunda isə 52 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 55 nəfər pedaqoji, 19 nəfər texniki işçi çalışır. Beyləqan rayonunda 1 lisey, 48 tam orta, 5 ümumi orta və 2 ibtidai olmaqla, ümumilikdə, 55 ümumtəhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

Qonaqlar məktəbdə yaradılmış hər bir şəraitlə yaxından tanış olublar. Təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə təhsilə verilən önəmdən, təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yönəldilən mühüm tədbirlərdən danışıb. Bildirib ki, təhsil cəmiyyətin inkişafının əsasını təşkil edir. Təhsilə daim dövlətin diqqət və qayğısı mövcuddur. Dövlət başçısının tapşırıqları, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə ötən dövr ərzində təhsil infrastrukturunun təkmilləşdirilməsi sahəsində ciddi işlər görülüb. Ümumtəhsil müəssisələrinin 75 faizi yenilənib. Bu o deməkdir ki, bir milyondan artıq şagird müasir tələblərə cavab verən şəraitdə öz təhsillərini davam etdirəcəklər. Pandemiyanın olmasına baxmayaraq, cari ildə də nəzərdə tutulan işlər qrafikə uyğun həyata keçirilib. Yalnız bu il Təhsil Nazirliyinin xətti ilə 98 məktəbin istifadəyə verilməsi nəzərdə tutulur. Bunun 60-ı modul tipli məktəbdir, 28 məktəb binası yenidən tikilib, 10 məktəb binası əsaslı təmir olunub. Bundan başqa, Heydər Əliyev Fondunun və digər qurumların xətti ilə 44 məktəb inşa edilib və ya təmir edilib. Ümumilikdə, bu il yenidən tikilmiş və ya əsaslı təmir edilmiş 142 məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.

Dünyamalılar kənd 1 nömrəli tam orta məktəb üçün yeni binanın istifadəyə verilməsi müəllim və şagirdlərin sevincinə səbəb olub. Məktəbin direktoru Gülxara Niftəliyeva deyib: “Tədris ocağı 1974-cü ildən uyğunlaşdırılmış binada fəaliyyətə başlayıb. Məktəb binasının şəraitsiz olması tədris prosesində çətinliklər yaradıb. Prezident İlham Əliyevin Sərəncamı ilə belə bir məktəbin inşa edilməsi kəndimizə, müəllimlərə, şagirdlərə verilmiş böyük töhfədir. Buna görə dövlətimizin başçısına təşəkkürümüzü bildiririk. Biz müəllimlər çalışacağıq ki, öz işimizlə dövlətimizin qayğısına layiqincə cavab verək. Əminik ki, bundan sonra təhsildə əldə etdiyimiz uğurlar daha da artacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.