REGİONLAR
Beyləqanın Kəbirli kənd 1 nömrəli tam orta məktəbinin binası əsaslı təmir edilir
Beyləqan, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Ölkəmizdə məktəb binalarının tikintisi və əsaslı təmiri şəhərlərlə, rayon mərkəzləri ilə yanaşı, ən ucqar kəndlərdə də uğurla həyata keçirilir. Beyləqan rayonunun Kəbirli kənd 1 nömrəli tam orta məktəbinin binası da əsaslı təmir olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəbirli kəndində məktəb sarıdan böyük çətinlik yaşanırdı. Bir tərəfdən məktəb binası qəzalı vəziyyətdə və şəraitsiz idi, digər tərəfdən də məktəbdə təhsil alan şagirdlərin sayı yerlərdən çox idi. Uzun zamandır yaşanan bu çətinlik artıq həllini tapır.
Məktəb binasında aparılan əsaslı təmir və bərkitmə işləri çərçivəsində dam örtüyü dəyişdirilir, divarlarda metal konstruksiya və suvaq işi görülür. Həyətdə 320 yerlik yeni korpus inşa edilir. Həm əsas binada, həm də əlavə korpusda idman zalı, yeməkxana yerləşəcək. Məktəbdə istilik sistemi qurulacaq, fənn kabinələri və laboratoriyalar yaradılacaq. Məktəbdə 824 şagirdin təhsil alması üçün hər cür şərait olacaq.